Press "Enter" to skip to content

Düşmənlərin qarşısında sipər olmalıyıq

Dr. Yücel Karauz

Güclü olmağın bir yolu da Türkiyə-Azərbaycan qardaşlığını yad təsirlərdən, düşmən qüvvələrin təxribatlarından qorumaqdan keçir

Ehtiyatda olan general Dr. Yücel Karauz

BAYRAQDAR MEDİA – Türk dünyası mühüm və olduqca həssas bir mərhələdən keçir. Bu mərhələdə daha da güclü olmalıyıq. Güclü olmağın bir yolu da Türkiyə–Azərbaycan qardaşlığını yad təsirlərdən, düşmən qüvvələrin təxribatlarından qorumaqdan keçir. Düşmən qüvvələr hər zaman var və bu qardaşlığa zərər vurmaq üçün çalışırlar. Bu barədə bir qədər sonra ətraflı qeyd edəcəm.

Türkiyə-Azərbaycan qardaşlığının kökü tarixin dərinliklərinə uzanır

Hələlik isə bildirim ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixi, mədəni və dil baxımından ortaq köklərə əsaslanan, “bir millət, iki dövlət” prinsipi ilə möhkəmlənmiş sarsılmaz bir dostluq və əməkdaşlıq münasibətləridir. Bu münasibətlər təkcə siyasi deyil, həm də iqtisadi, hərbi, enerji, mədəniyyət və təhsil sahələrində də strateji müttəfiqlik səviyyəsində inkişaf edir. Hər iki ölkə türk dünyasının birliyi və regional sabitlik uğrunda birgə fəaliyyət göstərir. Bu münasibət gələcək nəsillər üçün örnək olan tarixi bir bağ və güc mənbəyidir.

Həmçinin, vurğulayım ki, Türkiyə-Azərbaycan qardaşlığının kökü tarixin dərinliklərinə uzanır. Bu qardaşlıq tarixin bütün mərhələlərində ağır sınaqlardan uğurla çıxıb. Eyni zamanda müasir dövrdə də Türkiyə-Azərbaycan qardaşlığı dünyaya nümunə təşkil edir. Bu isə qeyd etdiyim kimi, daxili və xarici düşmənlərimizi dəli edir.

Düşmənlərimiz yeni-yeni təxribatlara əl atırlar

Qazanılan hər bir uğurdan, atılan hər bir inamlı addımdan sonra düşmənlərimiz yeni-yeni təxribatlara əl atırlar. Bu gün də onlar eyni yanaşmanı sərgiləyirlər. Halbuki bu yanaşma üçün heç bir əsas yoxdur.

Çünki Türkiyə və Azərbaycan bir millətin övladları olaraq, eyni soyun, kökün və eyni dinin daşıyıcısı olan iki ayrı dövlətdir. Bu səbəbdən də, iki müstəqil dövlət kimi onların müəyyən məsələlərdə fərqli baxışa malik olmaları tamamilə təbiidir. Bu fərqliliklər coğrafi mövqe, ölkələrin özünəməxsus daxili və xarici strukturları, tarixi və siyasi balanslardan qaynaqlana bilər. Lakin bu, onların “qardaş dövlət” kimliyinə zidd deyil. Əksinə, Şuşa Bəyannaməsi ilə bu qardaşlıq zirvəyə çatdırılıb.

Bəzi kritik mövzularla və ya bəzi hadisələrlə bağlı fərqli düşünmək bu birliyə maneə deyil

Bəzi kritik mövzularla və ya bəzi hadisələrlə bağlı fərqli düşünmək bu birliyə maneə deyil. Lakin təəssüf ki, dediyimiz düşmən qüvvələr bu fərqlilikdən istifadə edərək öz çirkin əməllərini davam etdirirlər. Məhz bu prizmadan yanaşsaq deyə bilərik ki, bu gün Türkiyənin bəzi media orqanlarıında Azərbaycana qarşı iki fərqli siyasi təzyiq formasına şahid oluruq.

Birincisi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və ya Azərbaycana hücumlardır ki, bu cür addımlar əxlaqi və insani dəyərlərdən tamamilə uzaqdır. Qeyd edim ki, bu hücumlar məqsədli şəkildə müəyyən mərkəzlər və xarici dairələrin alətinə çevrilmiş şəxslər tərəfindən həyata keçirilir. Yəni bəhs etdiyimiz kimi bu məsələdə daxili və xarici düşmənlər birlikdə hərəkət edir.

Bu, əsla qəbul oluna bilməz

Bu, əsla qəbul oluna bilməz. Çünki cənab Prezident İlham Əliyev türk dünyasının son zəfəri sayılan Qarabağda qazanılan Böyük Qələbənin memarı, Türk Dövlətləri Təşkilatının formalaşmasında böyük rol oynamış, hakimiyyətə gəldiyi ilk gündən bəri Türkiyə-Azərbaycan qardaşlığını gücləndirmək üçün dayanmadan çalışan siyasi liderdir.

İkinci təzyiq forması Fələstin-İsrail müharibəsi və onun ardınca İran-İsrail arasında son yeddi gündür davam edən silahlı qarşıdurma fonunda aparılan böyük dezinformasiya, qarayaxma kampaniyasıdır. İran-İsrail müharibəsi başlayanda Azərbaycan rəsmi şəkildə bəyan etdi ki, onun ərazisi və hava məkanı İrana qarşı istifadə olunmayacaq. Bu, Azərbaycanın mövqeyinin aydın göstəricisidir. Fələstin-İsrail münaqişəsinə gəldikdə isə Azərbaycanın bu məsələyə hüquqi və humanitar baxış bucağı Türkiyənin mövqeyindən fərqlənmir. Ancaq Azərbaycan müstəqil dövlət olaraq İsrail ilə olan siyasi, hərbi və iqtisadi əlaqələrini də davam etdirir.

Türkiyədə bu məsələni radikal baxışla dəyərləndirən bəzi qruplar…

Türkiyədə bu məsələni radikal baxışla dəyərləndirən bəzi qruplar, məsələyə yetərincə dərindən yanaşmadan, Azərbaycan dövlətinə qarşı haqsız ittihamlar irəli sürür. Bu isə təəssüf və təəccüb hissi doğurur. Dediyimiz kimi, bu iki cəbhədən hücumlar, Türkiyə və Azərbaycan arasında narazılıq yaratmaq istəyən müəyyən mərkəzlər tərəfindən məqsədli şəkildə həyata keçirilir.

Türkiyədə Azərbaycan, Azərbaycanda isə Türkiyə məsələsi müzakirə mövzusu olduqda, hər kəs danışmazdan əvvəl bir neçə dəfə düşünməli, dediyi sözün hansı nəticələr doğuracağını anlamalıdır. Ona görə də Azərbaycanın xarici siyasətdə fərqli mövqe tutmasına qarşı aparılan məqsədli təbliğatlar, dezinformasiyalar və bu yolla Azərbaycan-Türkiyə birliyinə xələl gətirmək cəhdləri əsla qəbul edilə bilməz. Türkiyə və Azərbaycan qardaşlığı bu gün də var və əbədi olaraq davam edəcəkdir. Bu qardaşlığın arasına Ermənistanla, İranla və ya İsraillə olan münasibətlər bəhanə edilərək nifaq toxumu səpilə bilməz, heç kəsə də buna imkan verilməməlidir.

Xüsusilə sosial şəbəkələrdə klaviatura arxasına keçən hər kəs Çanakkale, Qafqaz İslam Ordusu, Balkan savaşları, zəlzələ, çətin və yaxşı günlərdə bir-birinin yanında olan Türkiyə-Azərbaycan qardaşlığına dəstək göstərmək üçün çalışmalıdır. Fitnə-fəsad yaymaq isə tarix qarşısında bağışlanmaz böyük bir səhv olar.

Bu məhəllə Türkiyə-Azərbaycan qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirəcək

Türkiyə-Azərbaycan qardaşlığının son nümunəsi isə bu gün, iyunun 19-da bütün dünyaya nümayiş etdiriləcək. Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışı olacaq. Xatırladım ki, 2023-cü ilin dağıdıcı zəlzələdən həmən sonra dərhal qardaş köməyinə yetişən Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Kahramanmaraşlılar üçün Azərbaycan dövləti hesabına salınan məhəllədir. İki ölkənin dövlət başçılarının iştirakı ilə açılışı olacaq bu məhəllə Türkiyə-Azərbaycan qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirəcək. Fürsətdən istifadə edib xoş gündə də, dar gündə də həmişə Türkiyə ilə, türk xalqı ilə birlikdə olan, qardaşlıq nümayiş etdirən cənab Prezident İlham Əliyevə minnətdarlığımızı çatdırıram.

Bu qardaşlığı, bu əməkdaşlığı kimsə sarsıda bilməz

Yazıma son nöqtəni qoymazdan öncə qeyd etmək istəyirəm ki, Türkiyə-Azərbaycan qardaşlığı xalqların birliyindən doğub və əbədi qalacaq. Dahi öndərlərimiz Mustafa Kemal Atatürkün və Heydər Əliyevin dühasından güc alan bu qardaşlıq müasir dövrdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin qardaşığından güc alan bu əlaqələr Şuşa Bəyyanaməsi ilə daha da güclənərək inkişaf edir.

Bu qardaşlığı, bu əməkdaşlığı kimsə sarsıda bilməz. Sadəcə bizlər daha ayıq-sayıq olmalı, düşmən dəyirmanına su tökənlərin qarşısında sipər kimi dayanmalı və qardaşlığımızı qorumalıyıq.

Onu da unutmaq olmaz ki, Azərbaycan-Türkiyə qardaşlığı həm də digər dost və qardaş ölkələrə də ilham mənbəyi olur. Son aylar ərzində istər Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımlar, istərsə də Laçında keçirilən Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli zirvə görüşü də deyilənlərin daha bir sübutudur.

Mission News Theme by Compete Themes.