BAYRAQDAR MEDİA – “Ölkəmizin iqtisadiyyatında turizm və ali təhsil sahəsi ön sırada dayanır. Hər iki sahənin daha da inkişafı üçün konkret proqraqmlarımız var”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi zamanı Kuzey Kıbrıs Türk Cümhuriyyətinin iqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu dedi.
O, qeyd edib ki, hazırda KKTC-dəki universitetlərdə dünyanın 104 ölkəsindən 120 mindən çox xarici tələbə təhsil alır: “Hesab edirik ki, bu rəqəmi daha da artırmalıyıq. Sadəcə say xətrinə yox, eyni zamanda rəqəmsal platformalarda təhsil sahəsindəki ən son yenilikləri tətbiq etməliyik. Hədəfimiz 2030-cu ilə qədər bu sayını 150 minə çatdırmaqdır”.
Nazir bildirib ki, turizm də KKTC-nin əsas büdcə mənbələrindən biridir: “Bu sahədə həm maddi imkanlarımızı artırmaq, həm də ölkəmizi tanıtmaq məqsədilə davamlı addımlar atırıq və bu istiqamətdə daha da sürətli inkişafı hədəfləyirik. Hazırda ildə 2 milyon turist qəbul edirik. Lakin 2030-cu ildən etibarən bu rəqəmi 4 milyona çatdırmaq məqsədimiz var. Hazırda turizm sektorunda 30 minə yaxın yataq yeri mövcuddur. Bu göstəricini 50 minə çatdırmaq və turist sayını artırmaq əsas məqsədlərimizdən biridir”.





