BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tədris ili ərzində təhsil müəssisələrində 17 layihə həyata keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.
Məlumata görə, layihələrin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, istedadlı şagirdləri aşkara çıxarmaq, mütaliəyə marağı artırmaq, həmçinin paytaxt məktəblərinin fəaliyyətini daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir: “Eyni zamanda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllim və şagird heyəti Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən həyata keçirilən “Rəqəmsal bacarıqlar”, “eTwinning Plus”, STEAM və “CEREBRY” layihələrində də fəal iştirak edib. Bundan başqa paytaxt məktəblərində Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə OCEP layihəsi (Olimpiya Mədəniyyəti və Təhsili Proqramı) həyata keçirilib. Həmçinin layihə çərçivəsində fiziki tərbiyə müəllimləri OVEP (Olimpiya Dəyərlərinin Tədrisi Proqramı) təlimlərinə cəlb olunub. Layihəyə BŞTİ-nin tabeliyindəki 43 məktəb cəlb olunub. Bakı məktəbliləri “Əlaçı”, “Yeddi şüşə” və “Qızıl açar” televiziya layihələrində mütəmadi olaraq iştirak edirlər.”





