Press "Enter" to skip to content

Güney Azərbaycanla bağlı daha bir müraciət

Çingiz Göytürk

Çingiz Göytürk: Güney Azərbaycan türk dünyasının dəstəyinə ümid bəsləyir və bu dəstək, həm mənəvi, həm də siyasi baxımdan həyati əhəmiyyət kəsb edir

BAYRAQDAR MEDİA – “Dərin təəssüf hissi ilə qeyd edirəm ki, Güney Azərbaycan bu gün heç bir halda tərəfi olmadığı bir savaşın ortasında qalıb. “Tərəfi olmadığı savaş” deyərkən onu nəzərdə tuturam ki, Güney Azərbaycan son 48 il ərzində – İran İslam Respublikasının quruluşundan bu günə qədər – hər zaman və hər fürsətdə bu rejimin apardığı macərapərəst, regionda və dünyada sülhü, sabitliyi təhdid edən siyasətinə qarşı çıxıb. Güney Azərbaycan xalqı məhz bu siyasətə qarşı öz milli hərəkatını formalaşdırıb və bu hərəkat vasitəsilə mütərəqqi dünyanın qəbul etdiyi dəyərləri müdafiə edib. Bu, təkcə mənim fikrim deyil, bu, tarixən sübut olunmuş bir həqiqətdir.”

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dövlətçilik Şurasının Mərkəzi Şura başqanı Çingiz deyib.

Bu vəziyyətdən ən çox İran İslam Respublikası yararlanmağa çalışır

Bölgədəki hazırkı gərgin və təhlükəli vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edən Çingiz Göytürk daha sonra vurğulayıb ki, bu gün Güney Azərbaycanın şəhərləri bombalanır, dinc əhali həlak olur, minlərlə insan doğma yurd-yuvasından didərgin salınır: “Şübhəsiz ki, bu vəziyyətdən ən çox İran İslam Respublikası yararlanmağa çalışır. İsrailin bombardmanlarının Güney Azərbaycan şəhərlərinə və əhalisinə vurduğu zərəri bəhanə gətirərək, rəsmi Tehran rejimi son 48 ildə bacarmadığı bir hədəfi – Güney Azərbaycanı öz yanına çəkməyi – gerçəkləşdirmək istəyir”.

Onun sözlərinə görə, digər bir təhlükə də var: “Paralel olaraq, uzun illərdir ki, Güney Azərbaycan torpaqları üzərində iddia irəli sürən, xarici güclərin dəstəyi ilə hərəkət edən, eyni zamanda İran İslam Respublikası tərəfindən dolayı yollarla himayə olunan, qaçaqmalçılıqda və qeyri-qanuni fəaliyyətlərdə Tehranın birbaşa ortağı olan kürd terror qruplaşmaları da yaranmış vəziyyətdən istifadə edərək Güney Azərbaycan coğrafiyasında öz terror hakimiyyətlərini qurmaq üçün birgə hərəkətə keçiblər.”

İran rejimi nə Güney Azərbaycanı müdafiə etmək istəyir, nə də buna imkanı və gücü çatır

Çingiz Göytürk vurğulayıb ki, İran İslam Respublikası nə Güney Azərbaycanı müdafiə etmək istəyir, nə də buna imkanı və gücü çatır:“Hazırda Güney Azərbaycan bir tərəfdən İran rejiminin təhdidi, digər tərəfdən İsrailin bombardmanları, eyni zamanda isə silahlandırılmış kürd terror qruplarının təhlükəsi ilə qarşı-qarşıyadır. Bu üç istiqamətdən gələn təhdidə qarşı Güney Azərbaycan tamamilə əliyalın şəkildə müqavimət göstərmək məcburiyyətində qalıb. Bu, təkcə hərbi və siyasi deyil, eyni zamanda böyük bir humanitar böhran deməkdir.”

Güney Azərbaycan türk dünyasının ayrılmaz bir parçasıdır

O, yaranmış vəziyyətdə türk dünyasının üzərinə düşən məsuliyyəti xüsusi olaraq vurğulayıb: “Güney Azərbaycan türk dünyasının ayrılmaz bir parçasıdır. Onun beynəlxalq aləmdə təmsil və müdafiə olunmaq hüququ birbaşa olaraq tarixən, milli-mənəvi baxımdan sıx tellərlə bağlı olduğumuz dövlətlərimizə – türk dövlətlərinə, xüsusilə də Türk Dövlətləri Təşkilatına düşür. Mən bu fürsətdən istifadə edərək türk dünyasının liderlərinə – xüsusilə hörmətli Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edirəm: Xahiş edirəm, Güney Azərbaycanın qarşılaşdığı təhdidlərə qarşı özünü müdafiəsinin təşkili, onun beynəlxalq aləmdə müdafiəsi  məsələsini Türk Dövlətləri Təşkilatının növbəti yığıncağında müzakirəyə çıxarmağa təşəbbüs göstərin.”

Sonda Çingiz Göytürk bu çağırışının siyasi deyil, milli məsuliyyət və qardaşlıq duyğularına əsaslandığını bildirib. Onun sözlərinə görə, Güney Azərbaycan türk dünyasının dəstəyinə ümid bəsləyir və bu dəstək, həm mənəvi, həm də siyasi baxımdan həyati əhəmiyyət kəsb edir.

Mission News Theme by Compete Themes.