Yusuf Tekinay: Bəlkə bu səfərlərin fonunda gələcəkdə KKTC-nin tanınması istiqamətində də irəliləyişlər əldə olunacaq
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Kuzey Kıbrıs Genç İş İnsanları Derneğinin (GİAD) başqanı Yusuf Tekinay Azərbaycana səfər edib.
Səfər çərçivəsində onun BAYRAQDAR MEDİA-ya özl müsahibəsini oxuculara təqdim edirik.
-Azərbaycana səfərinizin məqsədi nədən ibarətdir?
-Azərbaycana gəlməkdə əsas məqsədimiz, ilk növbədə, iki ölkə arasında mövcud olan dərin könül bağlarını daha da gücləndirməkdir. Bununla yanaşı, iqtisadi və ticarət əlaqələrimizi inkişaf etdirmək istəyirik. Bu, bizim Azərbaycana ilk səfərimizdir. Səfərin ilk anından etibarən burada bizi xüsusi bir mehribanlıqla, sözün əsl mənasında doğma qardaş kimi qarşıladılar. İnşallah, bu səfərlərimiz davamlı olacaq və heç vaxt yalnız “səfər xatirinə səfər” olaraq həyata keçirilməyəcək. Hər bir səfər yeni əməkdaşlıqların başlanğıc nöqtəsi olacaq.
Bu iqtisadi yaxınlaşma siyasi proseslərin daha da dərinləşməsinə təkan verəcək
-İki ölkə arasında iqtisadi əlaqələrin gələcəyi ilə bağlı nə deyə bilərsiniz?
-Məqsədimiz Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə Azərbaycan arasında ticarət imkanlarını genişləndirməkdir. Əminəm ki, bu iqtisadi yaxınlaşma siyasi proseslərin daha da dərinləşməsinə təkan verəcək. Kim bilir, bəlkə də bu səfərlərin fonunda gələcəkdə KKTC-nin tanınması istiqamətində də irəliləyişlər əldə olunacaq.
Bu fəallıq həm siyasi, həm də iqtisadi sahələrdə özünü göstərməlidir
-Bu cür sərgilər və tədbirlər iki ölkə arasındakı münasibətlərə necə təsir edir?
-Bu cür tədbirlər, xüsusilə sərgilər, yeni əməkdaşlıqlar üçün çox vacib imkanlar yaradır. Biz də bura məhz bu məqsədlə gəlmişik və bir çox istiqamətdə əməkdaşlıqlara dair danışıqlar apardıq. İnanıram ki, bu danışıqlar müsbət nəticə verəcək. Hətta bu gün aparılan müzakirələr nəticəsində belə bir qərara gəldik ki, gələcəkdə Kuzey Kıbrısdan olan şirkətləri buraya gətirib, Azərbaycanda sərgilərdə iştirakını təmin edək.
-Hazırda dövlət başçıları iki qardaş ölkənin daha da yaxınlaşması istiqamətində ciddi addımlar atırlar. Sizcə, bu istiqamətdə gənc iş adamlarının üzərinə hansı vəzifələr düşür?
-Hesab edirəm ki, biz gənclər olaraq daha fəal olmalıyıq. Fəaliyyətimizi daha da gücləndirməliyik. Bu fəallıq həm siyasi, həm də iqtisadi sahələrdə özünü göstərməlidir. Bizim üzvlərimizdən biri olan və artıq Azərbaycanda ilk addımlarını atan iş adamı Kemal Bağzıbağlının təşəbbüsü ilə Hellim pendirləri buraya gətirilərək satışa çıxarılıb. Bu, çox önəmli bir addımdır. Düşünürəm ki, Kamal bəyin ardınca digər iş adamları da belə təşəbbüslərlə çıxış etməlidir. Bu, bizim qardaşlıq əlaqələrimizin daha da möhkəmlənməsinə səbəb olacaq.
Azərbaycan və KKTC QHT-ləri əməkdaşlığa dair birgə təşəbbüslərlə çıxış etməlidirlər
-İş adamları eyni zamanda vətəndaş cəmiyyətinin də bir parçasıdır. Sizcə, QHT-lərin və ümumilikdə ictimai sektorun bu məsələdə rolu nədir?
-Bildiyiniz kimi, dövlət başçılarımız bu istiqamətdə çox mühüm və strateji addımlar atırlar. Biz, vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, həmin addımların mahiyyətini və əhəmiyyətini ictimaiyyətə çatdırmalı, onların davamlılığını təmin etməliyik. Həmçinin, Azərbaycan və KKTC QHT-ləri əməkdaşlığa dair birgə təşəbbüslərlə çıxış etməlidirlər. Bu əməkdaşlığın sahələri genişlənməli, hər iki tərəf bir-birini daha yaxından tanıtmaq üçün yeni addımlar atmalıdır. Məsələn, biz KKTC-də Azərbaycanı, Azərbaycanda isə KKTC-ni daha geniş şəkildə tanıtmaq üçün layihələr hazırlamalı, təşəbbüslər irəli sürməliyik.
-Səfərlə bağlı ümumi təəssüratlarınızı da öyrənmək istərdik.
-Səfərin təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm. Eyni zamanda bizi böyük mehribanlıqla qarşılayan bütün Azərbaycan qardaşlarımıza da buradan səmimi salamlarımızı çatdırıram. Biz də eyni münasibəti, eyni isti münasibəti Kuzey Kıbrısda azərbaycanlı bacı-qardaşlarımız üçün göstərmək istəyirik. İnanıram ki, bu könül körpüləri dövlətlərimizin daha sıx birliyinə və ortaq addımlarına səbəb olacaq.









