BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) “Oxbridge Academy” ilə birgə əməkdaşlığı çərçivəsində Vətən müharibəsi şəhidlərinin övladları üçün ingilis dili kurslarına başlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “xüsusi proqram əsasında hazırlanan və ödənişsiz həyata keçirilən kursun məqsədi şəhidlərin ailə üzvlərinə sosial dəstəyin gücləndirilməsi və onların təhsil imkanlarının artırılmasıdır. Davamlı təşkil olunması nəzərdə tutulan kursa ilkin mərhələdə 13 şəhid övladı cəlb olunub. Tədris müddətində müasir tədris metodları və innovativ yanaşmalar tətbiq edilir. Bu da iştirakçıların ingilis dili bacarıqlarının effektiv şəkildə inkişafına imkan yaradır”.
Bildirək ki, iştirakçıların rahatlığını nəzərə alaraq dərslər həm əyani, həm də onlayn formada aparılır.





