BAYRAQDAR MEDİA – Azərbaycanda taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyində (KTN) biçinin mütəşəkkil təşkilinə dair yaradılmış Operativ Qərargahın məlumatına görə, ölkə üzrə payızlıq əkin sahələrinin 35.6 faizində biçin başa çatıb, sahələrdən 1 milyon 087 min 507 ton məhsul yığılıb. Buğda sahələrinin 13.2 faizi, arpa sahələrinin isə 62.1 faizi biçilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “hazırda orta məhsuldarlıq buğda üzrə 35.3 faiz, arpa üzrə isə 32.2 faiz təşkil edir. Biçin prosesində 1 min 604 kombayn iştirak edir. Bunlardan 598 kombayn “Aqroservis” ASC-nin, 1 min 006 kombayn isə fiziki və hüquqi şəxslərin balansında olan texnikalardır. Hazırda ən çox kombayn Cəlilabad (127 ədəd), Şəki (120 ədəd), Ağsu (112 ədəd), Kürdəmir (86 ədəd) rayonlarında biçinə cəlb olunub. 2024-2025-ci təsərrüfat ilində əkilmiş 426 min 623 hektar arpa sahəsinin 264 min 861 hektarı biçilib, sahələrdən 852 min 176 ton arpa yığılıb”.
Artıq Neftçala, Lənkəran, Salyan, Yevlax, Bərdə rayonlarında arpa biçini tam yekunlaşıb. Ağdam, Ağdaş, Cəlilabad, Füzuli, Naftalan, Hacıqabul, Masallı, Saatlı, Sabirabad, Şuşa, Tərtər, Ucar və Zərdabda arpa biçini göstəricisi 90 faizdən çoxdur.
Hazırda ölkənin 51 rayonunda aktiv biçin aparılır. Biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.





