BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan və Cənub Regional yanğın nəzarəti idarələrində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı tədbirlər keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirlərdə çıxış edən natiqlər bildiriblər ki, Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq Azərbaycan xalqı milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olunub. Bu il Konstitusiyanın qəbul edilməsinin 30 ili tamam olacaq. Dövlət başçısının Sərəncamı bu baxımdan da əlamətdardır”.
Ardınca xəbərdə, “çıxışlarda, həmçinin Azərbaycanın suverenliyinin bərpasının xalqın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığı qeyd olunub. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmi 23 saat davam edən və 2024-cü il sentyabrın 20-də başa çatan antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyi tam bərpa olunub” deyə qeyd edilir.





