BAYRAQDAR MEDİA – İyunun 23-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində fəaliyyət göstərən Humanitar Kollecdə növbəti “Məzun Günü” tədbiri keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kollecin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “ənənəvi olaraq təşkil olunan bu tədbirdə Kollecin rəhbərliyi, professor-müəllim heyəti, dəvətli qonaqlar və 2025-ci ilin məzunları iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardından Vətənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kollecin direktoru, musiqişünas Dos. Nərmin Qaralova tədbirdə çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. O, çıxışında Kollecin zəngin tarixi, dəyərləri və məzunlarının bu ənənələri yaşatmaqda rolunu vurğulayıb: “Siz artıq 87 illik tarixə malik Humanitar Kollecin yetirmələrisiniz. Hər biriniz bu təhsil ocağından bir parça aparırsınız və onun ruhunu sabaha daşıyırsınız”. Tədbirdə çıxış edən ADMİU-nun rektoru, sənətşünaslıq elmləri doktoru, Prof. Ceyran Mahmudova da məzunlara xoş arzularını çatdırıb. O, gənclik illərinin həyatdakı önəmini qeyd edərək Humanitar Kollec məzunlarının universitetə qəbul sayının ildən-ilə artmasından məmnunluğunu ifadə edib: “Məzunlarımızın bir çoxu artıq ali təhsildə də öz yollarına davam edirlər. Onların tədbirlərdə, konsertlərdə fəal iştirakı və uğurları bizə qürur verir””.
Tədbirin bədii hissəsində aparıcı Toğrul Qasımovun çıxışı, Aydın Quliyevin ifasında səslənən “Məzunlar” repi və DJ Azərin təqdim etdiyi musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb və tədbirə xüsusi bayram ab-havası qatıb.
Qeyd edək ki, 2024/2025-ci tədris ilində sözügedən Kolleci ümumilikdə 219 tələbə bitirib.





