BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən “Məişət zorakılığından zərər çəkmiş şəxslərin quruma müraciət etmələri barədə təlimatlandırılma” mövzusuna həsr olunan dinləmə keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “dinləmədə Ağdaş Rayon İcra Hakimiyyətinin və digər qurumların, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri, müəllimlər eləcə də mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər. Ümumilikdə 50-dən çox şəxsin iştirak etdiyi tədbir zamanı SXA-nın fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib”.
Ardınca xəbərdə, “Agentliyin nümayəndələri məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən xidmətlər, müvafiq müəssisənin məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsinin fəaliyyəti, şöbəyə qəbul qaydaları haqqında təqdimatlar ediblər. Görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və tədbirin əhəmiyyəti vurğulanıb” deyə bildirilir.
Qeyd edək ki, Agentlik tərəfindən müxtəlif mövzulara həsr olunan ictimai dinləmələr mütəmadi olaraq təşkil edilir.





