Mehmet Gökhan Özçübukçu: Ortaq mirasımıza sahib çıxmaq istiqamətində gənlcər arasında aparılan iş xüsusi önəm kəsb edir
BAYRAQDAR MEDİA – “Türk dünyasının daha da dərin inteqrasiyası istiqamətində davamlı addımlar atılır. Bu sırada ortaq mirasımıza sahib çıxmaq istiqamətində xüsusilə gənlcər arasında aparılan iş xüsusi önəm kəsb edir. Çünki gənclər gələcəyin idarəçiləri olaraq ortaq mirasımızı dərindən qavramalı və onu gələcəyə etibarlı şəkildə aparmalıdırlar”.
Bunu Türkiyənin Uluslararası Diplomatik İlişkiler, Akademik Araştırmalar ve Eğitim Derneği-UDİAD-ın sədr müavini Mehmet Gökhan Özçubukçu deyib.
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Türk dünyası: Ortaq mirasdan ortaq gələcəyə doğru” layihə çərçivəsində hazırlanan televiziya verilişindəkı çıxışı zamanı mütəxəssis bildirib ki, ortaq mirasın gənclərə çatdırılmasında QHT-lər və media mühüm rol oynayır: “Nə xoşdur ki, türk dünyasında ayrı-ayrı türk dövlətlərində bu sahədə uğurlu addımlar atılır. İstər media, istərsə də QHT-lər bununla bağlı davamlı işlər görür. Mühüm və yaddaqalan layihələr həyata keçirilir. Təbii ki, bu məsələdə də türk dünyası liderlərinin qətiyyətli addımları, onların türk birliyinin daha da möhkəmlənməsi istiqamətində ortaya qoyduqları mövqe mühüm əhəmiyyət kəsb edir”.
Mehmet Gökhan Özçubukçu bildirib ki, bu məsələdə təhsil qurumlarının da üzərinə mühüm vəzifələr düşür: “Bu gün əgər biz inteqrasiyanın dərinləşməsindən danışırıqsa ilk sırada təhsil məsələsini qoymalıyıq. Elə Türk Dövlətləri Təşkilatı da bu sahəyə xüsusi diqqət ayırır. Hər il türk dövlətlərinin təhsil nazirləri bir araya gəlir. Müxtəlif proqramlar həyata keçirilir. Birgə universitetlərin yaradılması da bu sahədə önəmli addımlardan biridir”.
Mütəxəssis qeyd edib ki, elmin, təhsilin inkişafı və qarşılıqlı əlaqələri eyni zamanda gələcəyimizin idarəçiləri olan gənclərin də daha yetişkin, daha bilikli, daha savadlı və gələcəyə daha hazırlıqla şəkildə formalaşmasına imkan yaradır: “Hazırda yeni dünya düzəni formalaşır və dövlət rəhbərlərinin də çağırışlarında qeyd edildiyi kimi türk dünyası bu prosesə hazır olmalıdır. Özü də nəinki hazır olmalı, bu prosesin aparıcı aktorlarından biri olmalıdır. Təbii ki, bunun üçün də elmli, savadlı güclü gənclər ordusuna malik olmalıyıq. Bütün bunları sadalamaqla yanaşı bir daha o məsələyə qayıdıram ki, ortaq mirasımızn gənclərə çatdırılmasında media və QHT-lərin üzrərinə mühüm vəzifələr düşür. Bu məsələdə də Türkiyə və Azərbaycanda önəmli addımlar atılır”.





