BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) strukturlarında 26 İyun – Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbirlər keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “tədbirlərdə, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, xalqın müstəqilliyi və torpaqların ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Toplantılarda Ümummilli Liderin Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında tarixi xidmətlərindən danışan natiqlər vurğulayıblar ki, hələ sovetlər birliyi zamanı Ulu Öndərin bilavasitə təşəbbüsü ilə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Məktəb peşəkar milli hərbçi kadrların hazırlanmasında əhəmiyyətli rol oynayıb. Eyni zamanda, onlarla Azərbaycan gənci İttifaqın nüfuzlu ali hərbi məktəblərində təhsil alıblar”.
Ardınca xəbərdə, “qeyd edilib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də genişmiqyaslı və köklü islahatlar aparılaraq bugünkü rəşadətli Azərbaycan Ordusunun əsası qoyulub. Ümummilli Lider tərəfindən başlanılan milli ordu quruculuğu ölkə Prezidenti İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilib, Silahlı Qüvvələrin müdafiə qüdrəti və döyüş qabiliyyəti daha da artırılıb. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli Ordusuna çevrilib” deyə bildirilir.
Böyük qürur və iftixar hissilə bildirilib ki, rəşadətli Azərbaycan Ordusu Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfərlə və 2023-cü ilin sentyabr ayında keçirilmiş uğurlu antiterror tədbirləri ilə öz adını dünya hərb tarixinə qızıl hərflərlə yazıb.
Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ordu quruculuğu sahəsindəki fəaliyyətini əks etdirən film nümayiş olunub.





