BAYRAQDAR MEDİA – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 44-cü sessiyası çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov Estoniyanın regional işlər və kənd təsərrüfatı naziri Hendrik Yohannes Terras ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olunub. Görüş zamanı M.Məmmədov Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, həyata keçirilən innovativ layihələr barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Estoniya ilə iqtisadi və ticari əməkdaşlığın gücləndirilməsi istiqamətində bütün təşəbbüsləri dəstəkləyir. H.Y.Terras isə öz növbəsində Estoniyanın Azərbaycanla bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. O, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb”.
Daha sonra xəbərdə, “görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun yenilənməsi, kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, Azərbaycanda istehsal olunan meyvə və tərəvəz məhsullarının Estoniyaya ixracı, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, müasir texnologiyaların transferi, heyvandarlıq (embrion transferi) sahəsində təcrübə mübadiləsi, aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər” deyə bildirilir.
Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.





