BAYRAQDAR MEDİA – İyunun 30-da Bakıda və regionlarda yerləşən 63 peşə təhsili müəssisəsində “Məzun günü” tədbirləri keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “Məzun günü” tədbirlərində Agentliyin rəhbərliyi, peşə təhsili müəssisələrinin əməkdaşlıq etdiyi işəgötürən şirkətlərin təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən məzun günündə iştirak edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov məzunları təbrik edib və ölkə miqyasında peşə təhsilli kadrlara olan tələbatın hər il artdığını vurğulayıb. O, uğur qazanmaq üçün çətinliklərdən çəkinməməyi, milli kimliyi qorumağı və azərbaycançılıq dəyərlərini yaşatmağın vacibliyini diqqətə çatdırıb. Agentlik rəhbəri, həmçinin, Azərbaycanın yeni inkişaf mərhələsində — Qarabağın bərpası, sənayeləşmə, yaşıl enerji və innovasiya sahələrində savadlı, bacarıqlı və vətənpərvər gənclərə böyük ehtiyac olduğunu xüsusilə qeyd edib”.
Tədbirlər müəssisələrin tələbə və müəllimlərinin iştirakı ilə hazırlanan bədii hissə ilə davam edib.Bu hissədə tələbələr yaradıcılıq qabiliyyətlərini və mədəniyyətə olan maraqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyindəki 72 peşə təhsil müəssisəsindən 17 min 566 tələbə məzun olur. Məzun olan tələbələrdən 1 min 601 nəfər ilk peşə təhsili səviyyəsi, 15 min 571 nəfər texniki peşə təhsili səviyyəsi, 394 nəfər yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil alıb.





