Yaxud Yekaterinburqda OMON dəstələrinin azərbaycanlılara qarşı vəhşiliyi ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin yeni formada təzahürüdür
BAYRAQDAR MEDİA – Azərbaycan hazırda özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Torpaqlarımızın rus-erməni işğalından azad edilməsindən sonra başlanan yeni mərhələ təkcə ölkəmizə deyil, eyni zamanda dünyaya da müsbət gələcək, inkişaf vəd edir. Təbii ki, bunun üçün region ölkələri, xüsusilə də güney və quzey qonşularımız səmimi olmalı, özünü uzun illər qonşu torpaqlarını işğal etmək xəstəliyinə düçar etmiş Ermənistan isə nəhayət ki, ağıllı şəkildə düşünmək üçün güc tapmalıdır.
BAŞbilənlər bu dəfə baş rolları özləri ifa edirlər
Əslində, Ermənistan bəlkə də özündə bu cür ağıllı düşünməyə güc tapa bilər. Əgər onun “tovariş” və molla ağaları imkan versə. Söhbət təbii ki, Rusiya və İrandan gedir. Kimsəyə sirr deyil ki, regionda bütün dövrlərdə antitürk siyasəti aparan bu iki imperiya həmin qanlı siyasətin reallaşmasında ermənilərdən maşa kimi istifadə edib. Bu gün də eyni siyasətin davamı üçün Moskva və Tehrandakı BAŞbilənlər dəridən-qabıqdan çıxırlar.
Ən maraqlısı isə odur ki, artıq erməniləri əvvəllər hər addımbaşı türklərə, azərbaycanlılara qarşı istifadə edən güney və quzey qonşularımız bu dəfə bir az siyasətlərini dəyişiblər. O mənada ki, bir zamanlar antitürk ssenarisi yazıb, orada baş rolu – qaniçən, azərbaycanlıların və ümumilikdə bütün türklərin qənimi, faşist, terrorçu- rolunu ermənilərə həvalə edirdilərsə, bu dəfə həmin baş rolu elə özləri ifa edirlər. Çünki Nikol Paşinyan hərdən onlara Ermənistan səhnəsində mane olur.
Rusiya faşizminin açıq və rəsmi təzahürü
Bəli, elə bir neçə gün öncə Yekaterinburqda Rusiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı OMON dəstələrinin azərbaycanlılara qarşı törətdiyi qəddar vəhşilik də elə bundan xəbər verir. Bu vəhşilikdə özünü göstərən erməniyəxas terror izləri barədə bir qədər sonra.
Hələlik isə onu qeyd edək ki, bu, artıq bir neçə ildir sistemli şəkildə dərinləşən Rusiya faşizminin açıq və rəsmi təzahürüdür. Özü də bu hadisə təkcə cinayət xarakteri daşımır. Hesab edirik ki, bu, milli və irqi nifrət əsasında həyata keçirilmiş, dövlət tərəfindən himayə edilən ideoloji zorakılıq aktıdır.
Rusiyada milli azlıqlara qarşı aparılan siyasət vahid bir doktrinaya çevrilir
Bu, eyni zamanda Rusiyada türkdilli xalqlara qarşı aparılan sistemli raşizm və milliyyətçilik siyasətinin bir hissəsidir. Çünki bu cür zorakılıq hadisələri təkcə azərbaycanlılara qarşı deyil. Rusiyanın müxtəlif şəhərlərində özbək, qazax, qırğız, tatar, başqırd və digər türk xalqlarından olan vətəndaşlara qarşı da təzyiqlər, kütləvi yoxlamalar, işgəncəyə bərabər rəftarlar adi hala çevrilib. Baş verənlər isə Rusiyada artıq milli azlıqlara qarşı aparılan siyasətin vahid bir doktrinaya – rus üstünlüyü ideologiyasına çevrildiyini göstərir ki, bu da bizə Hitler Almaniyasınında bir vaxtlar baş verənləri xatırladır.
Daha da dəqiqləşdirsək, qeyd edə bilərik ki, Rusiya sürətlə Avropanın XX əsrdə gördüyü ən qaranlıq dövrlərdən birinə, nasist Almaniyasının siyasətinə doğru irəliləyir.
Kremlin milli azlıqlara qarşı bu irqçi davranışı, beynəlxalq ictimaiyyət tərəfindən daha ciddi təpki ilə qarşılanmalıdır
Heç uzağa getməyək, Yekaterinburqda baş verənlər də daxil son olaylar ona işarə edir ki, Rusiya bu gün yalnız Ukraynada soyqırımı ilə məşğul deyil, eyni zamanda, öz ölkəsində də türk mənşəli xalqları milli və mədəni baxımdan məhv etməyə yönəlmiş planlı bir siyasət yürüdür. Yəni, gəlin özümüzü heç aldatmayaq və nəyin baş verdiyini açıq deyək. Onu deyək ki, bu gün Rusiyada türkdilli xalqlara qarşı tətbiq olunan zorakılıq və ayrı-seçkilik, artıq təkcə hüquq-mühafizə orqanlarının və ya lokal məmurların təşəbbüsü deyil. Bu, mərkəzdən idarə olunan, dövlət səviyyəsində icra olunan bir strategiyadır. Kremlin milli azlıqlara qarşı bu irqçi davranışı, beynəlxalq ictimaiyyət tərəfindən daha ciddi təpki ilə qarşılanmalıdır.
İndi isə gələk, yazımızın əvvəlində qeyd etdiyimiz məqama. Bəlli olduğu kimi Rusiya OMON-un Yekaterinburqda təkcə Səfərovların evlərinə deyil, sahibi olduqları kafeyə də basqın ediblər. Bunu APA-ya açıqlamasında Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının basqınına və işgəncələrinə məruz qalan Elgiz Səfərov bildirib. Həm evlərə basqın zamanı, həm də kafedə törədilən vəhşiliklər, əslində, belə deməyə əsas verir -OMON-un azərbaycanlılara qarşı vəhşiliyi ermənilərin Xocalıda xalqımıza qarşı törətdikləri misilsiz cinayətlərin ruhunu daşıyır.
Bu, Rusiya faşizminin və erməni şovinizminin eyni mərkəzdən qidalanan, həmçinin türk xalqlarına yönəlmiş ideoloji qardaşlığıdır
Yekaterinburq olayları heç də təsadüfi deyil. Bunu hər kəs yaxşı bilməlidir. Bu məlumun elanıdır!
O mənada ki, XXI əsrdə bir insanın milli mənsubiyyətinə görə döyülməsi, təhqir olunması, palçıq yeməyə məcbur edilməsi, hətta döyülərək özünə kabab bişirtməyə məcbur edilməsi, Rusiyada faşizmin nə qədər ifrat və amansız bir mərhələyə çatdığını göstərir.
Əslində, bu, bizə 1992-ci ildə Xocalıda erməni silahlı qüvvələrinin törətdiyi dəhşətli soyqırımı xatırladır. Orada da sırf azərbaycanlı, türk olduqları üçün körpələr süngüyə keçirilir, qadınların döşləri kəsilir, anaların kəsilmiş döşü körpələrin ağzına basılır, bədənlər doğranırdı.
Günümüzdə, Yekaterinburqda OMON-un azərbaycanlılara qarşı etdiyi alçaldıcı və qeyri-insani rəftar da eyni zehniyyətin – türklərə qarşı sistemli nifrətin davamıdır.
Sadəcə bu dəfə həmin vəhşiliyi edən erməni silahlıları deyil, Rusiya OMON-udur!
Sadəcə silah əvəzinə bu dəfə rezin dəyənəklər və digər vəhşi üsullardan istifadə olunur!
Bu paralellik təsadüfi deyil. Bu, Rusiya faşizminin və erməni şovinizminin eyni mərkəzdən qidalanan, həmçinin türk xalqlarına qarşı yönəlmiş ideoloji qardaşlığıdır. Bir qədər də açsaq, yuxarıda qeyd etdiyimiz kimi, əslində bu, Yekaterinburqda OMON dəstələrinin azərbaycanlılara qarşı vəhşiliyi ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin yeni formada təzahürüdür.
Qüdrətli Azərbaycan hər bir azərbaycanlının yanındadır
Bəli, bu sadaladıqlarımız Rusiyanın arzusu və qanlı istəyidir. Özü də dövlət səviyyəsində istəyi. Ancaq indi məsələ Rusiyanın nə istəməsindən daha çox, Azərbaycan dövlətinin və xalqının sərgilədiyi mövqedir. Dövlətimizin mövqeyi bəllidir. Rusiyanın AZAL terrorunda sərgilənən sərt mövqe bir daha ortaya qoyulub. Yekaterinburq vəhşiliyi ilə bağlı Rusiya dövlətinin məsuliyyəti Kremlin nəzərinə çatdırılıb. Beynəlxalq hüquqa uyğun olaraq bütün addımlar atılır.
Eyni zamanda Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı həyata keçirdiyi əməliyyat və həmyerlilərimizin qəddarlıqla qətlə yetirilməsindən sonra Rusiya baş nazirinin müavini Aleksey Overçukun iyunun sonuna Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub. azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür. Digər vacib və alqışa layiq addımlar atılıb və atılmaqda davam edir.
Bəli, göründüyü kimi qüdrətli Azərbaycan dövləti yenə də hər bir azərbaycanlının yanındadır. Bizə düşən isə hər zaman olduğu kimi birlik nümayiş etdirmək, bir daha yumruq kimi birləşmək və dövlətimizin, cənab Prezident İlham Əliyevin yanında olmaqdır. Çünki güc birlikdədir!





