Cavid Aydın: Türkiyədəki Azərbaycan diaspor təşkilatları hər zaman olduğu kimi, bu gün də Azərbaycan dövlətinin və xalqının yanındadır
BAYRAQDAR MEDİA – “Biz, Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq, Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən vəhşi, qeyri-insani və alçaldıcı rəftarı qətiyyətlə pisləyir, bu hadisəni dərin hiddətlə qarşılayırıq”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin (EsAzDer) sədri Cavid Aydın deyib.
O, bildirib ki, Rusiya OMON-un son hərəkətləri qətiyyən qəbul edilə biməz: “Bu kimi davranışlar Rusiya hüquq-mühafizə orqanlarında bəzi dairələrin etnik zəmində ayrı-seçkiliyə və milli zəmində zorakılığa meylli olduğunu göstərir. Bu hadisə sistemli diskriminasiyanın və millətçi nifrətin nəticəsidir. Bu səbəbdən, beynəlxalq insan haqları təşkilatlarını bu faktı dərhal araşdırmağa və Rusiya dövlətini məsul şəxsləri cəzalandırmağa çağırırıq”.
C.Aydın həmçinin “Buradan, Eskişehirdən açıq şəkildə bildiririk ki, Türkiyədəki Azərbaycan diaspor təşkilatları hər zaman olduğu kimi, bu gün də Azərbaycan dövlətinin və xalqının yanındadır. Biz bu vəhşiliyi qardaş Türkiyə ictimaiyyətinə geniş şəkildə çatdırır, KİV-lərdə, sosial platformalarda və bütün ictimai müstəvilərdə məsələnin gündəmdə qalması üçün fəaliyyətimizi davam etdiririk. Bu, bütövlükdə türk kimliyinə, insanlıq dəyərlərinə qarşı yönəlmiş bir hücumdur. Biz buradan, Anadolu torpaqlarından Vətənimizin yanında olduğumuzu bir daha bəyan edirik!” deyə əlavə edib.









