Press "Enter" to skip to content

Məcburi köçkünlər üçün hüquqi maarifləndirmə tədbiri – VİDEO

Məcburi köçkünlər üçün hüquqi maarifləndirmə tədbiri

BAYRAQDAR MEDİA – Gəncə şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində ödənişsiz hüquqi yardım və maarifləndirmə tədbiri təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, ““Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbir sözügedən Komitə ilə Vəkillər Kollegiyasının birgə təşəbbüsünə əsasən reallaşıb. “Yurdumuza Qayıdırıq” devizi altında keçirilən görüşdə əsas diqqət keçmiş məcburi köçkünlərin hüquqi biliklərinin artırılmasına və onların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı hüquqi prosedurlar barədə məlumatlandırılmasına yönəlib”.

Ardınca xəbərdə deyilir ki, “tədbirdə çıxış edən Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin müdir müavini Mirhüseyn Hüseynov, məcburi köçkünlərin hüquqlarının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən və bu cür maarifləndirici görüşlərin əhəmiyyətindən danışıb. O bildirib ki, hüquqi biliklərin artırılması gələcəkdə köçkünlərin yenidənqurma və reinteqrasiya prosesinə fəal qoşulması üçün vacib amildir. Görüş zamanı iştirakçılarla fərdi hüquqi konsultasiyalar aparılıb. Əmlak hüquqları, sosial müdafiə, güzəştlər və kompensasiya mexanizmləri kimi məsələlər üzrə 100-ə yaxın vətəndaşın sualları cavablandırılıb. Tədbirdə iştirak edən vəkil Leyla Əhmədova bu təşəbbüsə cəlb olunan vəkillərin tam şəkildə könüllü əsaslarla fəaliyyət göstərdiyini və hüquqi yardımın şəhid ailələri, qazilər və digər həssas təbəqələr üçün də davamlı olaraq təşkil olunduğunu qeyd edib”.

Qeyd edək ki, bu təşəbbüs çərçivəsində oxşar tədbirlərin digər şəhər və rayonlarda da təşkili nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.