Press "Enter" to skip to content

Türk dünyasının inteqrasiyası istiqamətində daha bir addım

Ruhəngiz Əliyeva

Ruhangiz Əliyeva: “İkinci türk dünyası yay məktəbi” türk dünyasında strateji və mədəni inteqrasiyanın gücləndirilməsi məqsədi daşıyan mühüm bir akademik təşəbbüsdür

BAYRAQDAR MEDİA – Ötən ay türk dünyasının inteqrasiyası istiqamətində daha bir mühüm addım atılıb. Belə ki, Türkiyədə “Türk dünyasının ortaq gələcəyinə akademik töhfə: İkinci türk dünyası yay məktəbi” reallaşıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının dosenti Ruhəngiz Əliyeva məlumat verib.

 

Qeyd edilib ki, “23–27 iyun tarixlərində İstanbulda yerləşən İbn Haldun Universitetində təşkil edilən bu“Second Turkic World Summer School – Rise of Turkic World” proqramı, türk dünyası arasında elmi, strateji və mədəni inteqrasiyanın gücləndirilməsi məqsədi daşıyan mühüm bir akademik təşəbbüs kimi çıxış etmişdir”.

Bu proqramda fəal iştirak edən Ruhəngiz Əliyeva, türk dövlətləri arasında ortaq gələcəyin qurulmasına yönəlmiş elmi müzakirələrə öz töhfəsini verib.

Necmeddin Bilal Erdoğan
Necmeddin Bilal Erdoğan

O da vurğulanb ki, Yay məktəbi, İbn Haldun Universitetinin Rektoru Prof. Dr. Atilla Arkanın rəhbərliyi, universitetin təsisçilərindən olan və eyni zamanda Mütevelli Heyəti sədr müavini Necmeddin Bilal Erdoğanın dəstəyi və proqramın akademik koordinasiyasını həyata keçirən HACE – Haydar Aliyev Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Yaşar Sarının elmi rəhbərliyi ilə təşkil olunub. Proqramın əsas tərəfdaşları sırasında isə ADA Universiteti (Azərbaycan), Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti (Özbəkistan), CSRA Üsküdar Universiteti (Türkiyə), Ahmet Yesevi Universiteti (Qazaxıstan), eləcə də Türk Dövlətləri Təşkilatı (TDT), TİKA və YTB kimi regional təsisatlar yer alıb.

Ruhəngiz Əliyeva çıxış edərkən
Ruhəngiz Əliyeva çıxış edərkən

Məlumat üçün bildirək ki, Ruhəngiz Əliyeva proqram çərçivəsində türk dünyasının geosiyasi konfiqurasiyası və regional əməkdaşlıq modelləri üzrə mühazirələr və akademik panellərdə iştirak edib, türk dövlətlərinin ortaq mədəni kodları və strateji vizionu mövzusunda aparılan dəyirmi masa müzakirələrinə qatılıb, beynəlxalq təşkilat nümayəndələri, alimlər və siyasətçilərlə fikir mübadiləsində bulunub.

İştirakçılara Prof. Dr. Atilla Arkanın imzası ilə rəsmi sertifikat təqdim edilib
İştirakçılara Prof. Dr. Atilla Arkanın imzası ilə rəsmi sertifikat təqdim edilib

R.Əliyeva deyib ki, “Yay məktəbinin elmi çərçivəsi yalnız bilik ötürülməsini deyil, eyni zamanda türk dünyasının gənc liderlərinin formalaşmasına yönəlmiş strateji intellektual mühitin yaradılmasını da hədəfləyib”. Bu baxımdan Ruhəngiz Əliyevanın burada iştirakı, onun Avrasiya məkanında elmi və ictimai fəaliyyətini dərinləşdirməsi, ortaq türkologiya vizionu ətrafında bilik mübadiləsi aparması baxımından əhəmiyyətli olub.

Yeri gəlmişkən, sonda, iştirakçılara Prof. Dr. Atilla Arkanın imzası ilə rəsmi sertifikat təqdim edilib.

Mission News Theme by Compete Themes.