Telman Nüsrətoğlu: Bu gün Rusiyanı narahat edən yalnız coğrafi və geosiyasi faktorlar deyil, həm də türkün yüksəlişidir
BAYRAQDAR MEDİA – “Rus imperiyasının əsrlərdir dəyişməyən mahiyyəti – zorbalıq və hegemonluq – bu gün də dəyişməyib”.
Bunu Türk İslam Araşdırmaları Mərkəzi başqanı Dos. Dr. Telman Nüsrətoğlu deyib.
O, qeyd edib ki, bu imperiya təfəkkürünü dövlət siyasətinə çevirmiş Kremlin əsas məqsədi Qafqazdan Bəsrə körfəzinə, Anadoludan Aralıq dənizi hövzəsinədək uzanan geniş bir coğrafiyada təsir və nəzarətini qorumaq, dərinləşdirmək və möhkəmləndirməkdir: “Lakin bu imperiya xəyalının qarşısında tək və ən böyük əngəl – türk səddi dayanır. Çünki bu gün Rusiyanı narahat edən yalnız coğrafi və geosiyasi faktorlar deyil, həm də türkün yüksəlişidir. Xüsusilə Azərbaycanın heç bir xarici gücün diktəsi olmadan, öz suveren iradəsi ilə Ermənistanla apardığı sülh prosesi, regional normallaşma təşəbbüsləri və Zəngəzur dəhlizinin Rusiya hərbi varlığı olmadan açılma ehtimalının güclənməsi Moskvanı ciddi şəkildə rahatsız edir”.
T.Nüsrətoğlu deyib ki, Azərbaycan bu prosesdə həm siyasi iradə göstərir, həm də tarixə və coğrafiyaya əsaslanan haqlı mövqe ilə çıxış edir: “Bu, təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının geosiyasi təsirinin artması deməkdir. Məhz buna görə də, imperiya düşüncəsi ilə yaşayan qüvvələr bu inkişafı ləngitmək, yönünü dəyişmək və ya tamamilə əngəlləmək üçün bütün çirkin üsullara əl atırlar. Lakin unutmasınlar ki, bu gün artıq əvvəlki türk deyil. Bu gün türk dünyası daha çox həmrəydir, daha güclü, daha ayıq və daha mütəşəkkildir. Bu sədd sadəcə müdafiə xətti deyil, həm də irəliləyən və öz coğrafi-tarixi haqqını bərpa edən bir gücün nişanəsidir”.









