BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 6-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.
DİM-in məlumatına əsasən imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 168 imtahan binası, 3078 imtahan zalı ayrılıb: “İmtahanların idarə olunmasına 168 ümumi imtahan rəhbəri, 486 imtahan rəhbəri, 3851 nəzarətçi, 552 buraxılış rejimi əməkdaşı, 168 bina nümayəndəsi cəlb olunub”.
Qeyd edilib ki, II ixtisas qrupu üzrə imtahanda 18013, III ixtisas qrupu üzrə imtahanda isə 23470 nəfər olmaqla, ümumilikdə 41483 abituriyentin iştirakı nəzərdə tutulur: “İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 79 abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib. Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyulun 5-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək”.





