Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanına AzTU-nun Fəxri doktoru diplomu təqdim olunub

Ersin Tatar: Bu, mənim üçün tarixi bir andır

BAYRAQDAR MEDİA– Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Azərbaycan Texniki Universitetinin (AzTU) Fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.

Universitetdən verilən məlumata görə, əvvəlcə AzTU-nun foyesində Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub: “Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub”.

Məlumata görə, tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, bu təqdimat mərasimi təkcə təntənəli bir protokol tədbiri deyil, həm də gənclər, tələbələr və gələcək nəsillər üçün böyük mənəvi dəyər daşıyan bir hadisədir: “Ersin Tatarın Türk dünyası birliyi üçün xidmətlərindən danışan rektor onun qardaş xalqların bir-birinə daha da yaxınlaşması, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl və qətiyyətli fəaliyyətini xüsusi vurğulayıb”.

Mərasim zamanı
Mərasim zamanı

Daha sonra AzTU-nun elmi katibi Vəfa Rzayeva universitetin Elmi şurasının 2025-ci il iyunun 12-də KKTC Cümhurbaşqanı Ersin Tatara Fəxri doktor diplomunun verilməsi ilə bağlı qərarını oxuyub.

AzTU-nun rektoru Vilayət Vəliyev KKTC Cümhurbaşqanı Ersin Tatara Fəxri doktor diplomunu təqdim edib.
Məlumatda deyilir ki, sonra AzTU-nun Fəxri doktoru, KKTC Cümhurbaşqanı Ersin Tatar bu mötəbər diplomu alması ilə bağlı təşəkkürünü bildirib: “Məni bu yüksək şərəfə layiq gördüyünüz üçün təşəkkür edirəm. Bu, mənim üçün tarixi bir andır”.

O, günü-gündən inkişaf edən KKTC və Azərbaycan münasibətlərindən də danışıb. Bu münasibətlərin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin böyük xidmətləri və dəstəyini xüsusi vurğulayan Ersin Tatar bir daha Azərbaycan dövlətinə, Prezidentinə və xalqına təşəkkürünü bildirib.

Mission News Theme by Compete Themes.