Press "Enter" to skip to content

Kreml nimdaş şovinizm paltarını soyunmalıdır

Əkbər Qoşalı

Əkbər Qoşalı: Rusiya, təkcə keçmişin deyil, elə bugünün də cavab verilməli suallarını daşıyır

BAYRAQDAR MEDİA – “Rusiya Federasiyasının rəsmi çevrələri, o cümlədən Dövlət Dumasında əyləşən bəzi deputatlar, habelə siyasi partiya rəhbərləri, Kremlin ideoloji dəftərxanasına (katibxanasına) çevrilmiş media resursları yenə iş başındadır”.

Bunu Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı deyib.

O, bildirib ki, bu isterikanın üzdəki adı Yekaterinburqdur: “Neorusizmin “dərin səs” funksiyasını yerinə yetirən təkəbbürlü söz adamları Yekaterinburqda baş verən qanlı olaylara Azərbaycanın münasibət bildirməsini “Rusiya Federasiyasının daxili işlərinə qarışmaq” kimi təqdim etməyə çalışır. Bəziləri isə daha da irəli gedərək, həlak olan, xəsarət alan və ya həbs olunan azərbaycanlıların Rusiya vətəndaşı olduğunu önə sürərək, Azərbaycanın hər hansı hüquqi və ya mənəvi reaksiya haqqını sorğulayır. Bax, bu, sadəcə absurddur – həm də Rusiyanın öz yaratdığı ikili standart sistemində boğulmasıdır”.

Əkbər Qoşalı qarşı tərəfə maraqlı bir sual da ünvanlayıb: “Bəs yaxşı, sual edək: siz “Qarabağ Azərbaycanın daxili işi deyil” deyən xarici işlər zehniyyətindən qəti şəkildə imtina etmisinizmi? Siz ruslar qalsın bir yana, “rusdillilər bizim soydaşımızdır, onların hüquqlarını dünyanın istənilən yerində qorumalıyıq” öhdəliyini soyunmusunuzmu? Yoxsa, özünüz şüşə evdə oturub da daş evlərə daşmı atırsız? Dönüb özünüzə sual verin: 30 il boyunca Qarabağda yaşayan ermənilərə hansı statusla dəstək verirdiniz? Onlar Rusiya vətəndaşı idimi? Hansı beynəlxalq hüquq sizi bu prosesə müdaxilə etməyə vadar etmişdi? Və ya müdaxilə edərkən hansı hüquqi baza üzərində davranırdınız? Ermənistanla sərhəddi olmayan Rusiya, Qarabağda “sülhməramlı” adı ilə hansı zərurət əsasında hərbi kontingent saxlayırdı? Allah qoymasa, tələm-tələsik infrastruktur və öncə elan olunmuş bildirişdə olmayan yanqüvvə və başqa hıvır-zıvırları da gətirib tökmüşdüz Xankəndi-Xocalı aralığına. Niyə?”

Qeyd edilib ki, Rusiya, təkcə keçmişin deyil, elə bugünün də cavab verilməli suallarını daşıyır: “O dövlət ki, Ukraynaya qarşı apardığı işğalçı müharibəni “rusdilli vətəndaşların müdafiəsi” adı ilə əsaslandırır, o ölkə ki, hər yerdə “soydaş” kartından istifadə edərək, digər dövlətlərin suverenliyinə müdaxilə üçün bəhanə axtarır – indi necə olur ki, başqa ölkələr öz soydaşları döyüldükdə, öldürüldükdə, aşağılandıqda – susmalıdır?! Yox, bu, belə getməyəcək artıq! İkiüzlü hüquq yox, artıq həqiqi bərabər məsuliyyət olmalıdır! Bütün bu baş verənlər – döyülən diaspor rəhbəri, həbs olunan iş adamları, hava limanından geri qaytarılan deputat, digər soydaşlarımıza qarşı aparılan təhqiramiz və təxribatçı təzyiqlər – bunlar sadəcə bir-birindən ayrı epizodlar deyil. Bu, Azərbaycan vətəndaşına, toplumumuza və bütövlükdə Türk-İslam kimliyinə qarşı yönəlmiş sistemli basqılar silsiləsidir”.

Ə. Qoşalı onu da əlavə edib ki, Kreml nimdaş şovinizm paltarını soyunmalı, onu yamamaqdan əl çəkməli, “bəzək-düzək”lə cilvələndirməyə çalışmamalıdır.

Mission News Theme by Compete Themes.