Press "Enter" to skip to content

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə – VİDEO

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə

Son yeniləmə: 5 İyul 2025

BAYRAQDAR MEDİA – Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti Türkiyədə keçirilən “Anadolu Qartalı – 2025” beynəlxalq taktiki-uçuş təlimində iştirak edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “təlim müddətində iştirakçılara təhlükəsizlik qaydaları, hərəkət marşrutları, icra olunacaq tapşırıqlar, meteoroloji vəziyyət barədə brifinq təqdim olunub. Ssenarinin praktiki icra mərhələsində texniki heyət aviasiya vasitələrini hazır vəziyyətə gətirdikdən və son yoxlamaları apardıqdan sonra Azərbaycan hərbi pilotları aviabazadan qrup şəklində uçuşlar həyata keçirərək, hava kəşfiyyatının aparılması, hava üstünlüyünün əldə olunması, şərti hədəflərin məhv edilməsi və digər tapşırıqları yerinə yetiriblər”.

Sonra xəbərdə, “plana uyğun olaraq Azərbaycan hərbi pilotları hava-hava, hava-yer təyinatlı tapşırıqların icrası ilə yanaşı, Türkiyə HHQ-sinin aviasiya heyətləri ilə birlikdə uçuşlar da həyata keçiriblər. İyulun 4-də Konya şəhərində keçirilən bağlanış mərasimində Azərbaycan HHQ-sinin şəxsi heyətinin “Anadolu Qartalı – 2025” beynəlxalq taktiki-uçuş təlimi zamanı sərgilədiyi yüksək peşəkarlıq xüsusi vurğulanıb” deyə bildirilir.

Qeyd edək ki, iştirakçı ölkələrin HHQ-ləri arasında qarşılıqlı əməkdaşlığı, birgə fəaliyyət qabiliyyətini və döyüş hazırlığını artırmaq məqsədilə keçirilən təlimdə Azərbaycan, ABŞ, İordaniya, Macarıstan, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və NATO-nun HHQ nümayəndələri iştirak ediblər.

Mission News Theme by Compete Themes.