Son yeniləmə: 17 Oktyabr 2025
Yaxud, Kıbrıs türkünün varlıq mücadiləsi davam edir
BAYRAQDAR MEDİA – Təxminən 50-60 il öncə olduğu kimi, bu gün də Kıbrıs türkü qəhrəmanlıqla, iradə ilə, inamla mübarizə aparır. O zaman bu xalq dağıdıcı yunan zehniyyətinin, “Enosis” adlı çirkin xəyalın arxasında gizlənən terrorun, təpədən dırnağa qədər silahlanmış rum terrorçularının qarşısında silahsız, əliyalın, lakin qorxmaz bir şəkildə dayanmışdı. Dünya bu soyqırımı, bu qətliamı, bu vəhşiliyi görmək istəmirdi. Dünya Kıbrıs türklərinin hayqırtısını eşitmək istəmirdi.
Silahların “söz dediyi” döyüş meydanlarının yerini indi diplomatik meydanlar tutub
Amma Kıbrıs türkü bir an belə mübarizədən dönmədi. Dr. Fazil Küçük və Rauf Denktaşın liderliyi ilə ayağa qalxdı, varlığını qorudu, torpağını müdafiə etdi, öz kimliyini, türk kimliyini qorudu. Bəli, bu, sadəcə bir xalqın varolma mübarizəsi deyildi. Bu, həm də türkün Doğu Akdeniz bölgəsindəki izini silməyə çalışanlara qarşı başlanmış bir dirəniş idi. Və bu dirəniş 1974-cü il Kıbrıs Barış Hərəkatı ilə yeni dövrə qədəm qoydu.

Yəni, bu gün mübarizə başqa müstəvidə davam edir. Silahların “söz dediyi” döyüş meydanlarının yerini indi diplomatik meydanlar tutub. 1974-cü ildə döyüşlərlə qorunan haqlar bu gün beynəlxalq qurumlarda, qlobal platformalarda müdafiə olunur. Hərçənd, dünya hələ də Kıbrıs türkünün dövlətçilik haqqını tanımaqdan boyun qaçırır. Hələ də xristian Batısı Kıbrıs türkünün haqq səsini eşitməkdə kar, mübarizəsini görməkdə kordur.
Bu ədalətsizliyin qarşısında türk dünyası daha sıx birləşməlidir
Təbii ki, bu vəhşi Batının tutumudur. Bu ədalətsizliyin qarşısında türk dünyası daha sıx birləşməlidir. Kıbrıs türkünün davasına dəstək verməlidir. Çünki bu davanın bu gün də Lideri var. Söhbət KKTC Cümhurbaşqanı Ersin Tatardan gedir. Necə ki, zamanında Dr. Fazil Küçük, Rauf Raif Denktaş Kıbrıs türkünün var olma mübarizəsinə liderlik edirdi, indi də bu mübarizənin diplomatik müstəvidə davamı üçün Ersin Tatar uğurlu liderlik edir. Yəni, Ersin Tatar bu günkü mübarizənin önündədir. O, yalnız bir lider deyil, Dr. Fazil Küçük və Rauf Denktaşın mirasını daşıyan bir davamçıdır.

Yeri gəlmişkən, iyulun 2-də Azərbaycan Texniki Univerisitetində fəxri doktor adının təqdim edilməsi zamanı etdiyi çıxışda Ersin Tatar dedi ki, dünyanın sülhə, sabitliyə, təhlükəsizliyə ehtiyacı var. Bu ehtiyacın qarşılanması üçün isə türk dünyası bir olmalıdır.
Hesab edirik ki, bu, sadəcə bir diplomatik ritorika deyil. Bu, bir çağırışdır – qardaşdan qardaşa edilən çağırış. Əgər türk dünyası bu gün bir yumruq kimi birləşməsə, sabah tarixin verdiyi bu fürsəti əldən qaçıra bilər. Prezident İlham Əliyevin də dediyi kimi, yeni dünya düzəni formalaşır və yeni düzəndə türk dünyası öz yerini tutmalıdır. Deməli, bunun bir yolu da türk dünyasının birliyindən keçir. Çünki atalarımızın da dediyi kimi – Güc birlikdədir!
60 il əvvəl adada türk varlığını qoruyanlar bizdən bu gün bu həmrəyliyi gözləyir
Eyni zamanda, qeyd edə bilərik ki, Ersin Tatarın bu çağırışa cavab vermək türk dünyasının mənəvi borcudur. 60 il əvvəl adada türk varlığını qoruyanlar bizdən bu gün bu həmrəyliyi gözləyir.
KKTC türk dünyasının Doğu Akdenizə açılan qapısıdır. Bu gün türk dünyasının o qapıya – yəni Kuzey Kıbrıs Türk Cümhuriyyətinə daha möhkəm sarılması zamanıdır. Çünki bu qapını itirmək nəinki bir dövləti, bir milləti, ümumilikdə bütöv bir coğrafi və siyasi strateji önəmi itirmək deməkdir.
Sonda, 13 yanvar 2022-ci il tarixində Rauf Denktaş haqqında yazdığım “Həyatını KKTC-nin varlığına həsr edən LİDER” adlı yazıdan bir hissəni xatırlatmaq istəyirəm.
Həmin yazıda deyilirdi:
Rauf Denktaş dünyasını dəyişəndə zamanın Cümhurbaşqanı Derviş Eroğlu mətbuata açıqlamasında belə demişdi: “Bu gün daha bir tarix köçdü, baba Denktaşı itirdik. Kıbrıs türklərinin və türklük dünyasının başı sağ olsun. R.Denktaşın apardığı mübarizəni heç vaxt unutmayacağıq. Ona layiq olacaq, onunla qürur duyacağıq”.
Rauf Denktaşın müstəqil dövlətçilik davası Ersin Tatarın timsalında davam etdirilir
Bəli, bu gün əminliklə demək olar ki, Rauf Denktaşın müstəqil dövlətçilik davası Ersin Tatarın timsalında davam etdirilir. Hər addımında R.Denktaşın, Dr. Fazıl Küçükün ideallarına sadiqlik nümayiş etdirən sayın Cümhurbaşqanı Ersin Tatar bu posta seçildiyi ilk gündən bəyan edib: KKTC-nin dövlət haqqının tanınması qırmızı cizgimizdir. Necə ki, zamanında R.Denktaş adada əbədi sülhün ancaq iki suveren, bərabərhüquqlu dövlətin əməkdaşlığından keçdiyini deyirdi, bu gün eyni mövqeyi E.Tatar nümayiş etdirir.

Yeri gəlmişkən, R.Denktaş ömrünün son anlarında belə, “Mənim ən böyük övladım Kuzey Kıbrıs Türk Cümhuriyyətidir və o mənim üçün hər şeydən əziz və qiymətlidir. Hətta ailəm və övladlarımdan da… Müstəqillik önəmlidir, Ana Vətən Türkiyəyə güvənin” demişdi.
Əslində, qurucu Cümhurbaşqanının bu sözlərini bir vəsiyyət kimi də qəbul etmək lazımıdr. Necə ki, bu gün KKTC Cümhurbaşqanı və hökuməti bu vəsiyyətə uğurla, şərəflə əməl edir.
Bu gün Ana Vətən Türkiyə ilə çiyin-çiyinə dayanan KKTC qorxmaz, milli maraqlardan bir addım belə geri çəkilməyən, “Mən Rauf Denktaşın çizgisindəyəm. Həm Türkiyənin, həm də Kıbrıs türklərinin haqlarını müdafiə edirəm” deyən E.Tatar R.Denktaşın, Dr. F.Küçükün və Kıbrıs türkünün azadlıq müabrizəində qanı, canı ilə savaşanların arzularını reallaşdırmaq üçün inamla addımlayır.
Əminliklə deyə bilərik ki, KKTC-nin qurucusunun ruhunun daim şad olması üçün Kıbrıs türkləri onun başlatdığı azadlıq mücadiləsini E.Tatarın rəhbərliyi ilə qəti qələbə ilə başa çatdıracaq.

Dəyərli oxucuların diqqətinə bir daha çatdırım ki, KKTC, Kıbrıs türk xalqı bu gün də mücadiləsini davam etdirir-Ersin Tatarın və onun milli komandasının öndərliyində. Düzdür, təəssüflər olsun ki, bəzən daxildə bu mübarizəyə mane olmağa, Kıbrıs türkünün nicatının guya ruma birləşməkdə olduğunu xalqa təlqin etməyə çalışanlar da tapılır. Hələ üstəlik, bu mübarizədə milli komandanı yorğun salmaq üçün daxildə olduqca zərərli yollara baş vuranlar da tapılır. Təəssüflər olsun ki, belələri bəzən kiçik məqamlar uğruna böyük gələcəyi qurban verdiklərinin fərqində olmurlar. Lakin hesab edirəm ki, Kıbrıs türk xalqı həm xaricdən edilən xəyanətkar həmlələrə, həm də daxildəki arzuolunmaz addım atanlara lazımi cavabı verəcək. Bu cavab isə Ersin Tatarın ətrafında daha sıx birləşmək olacaq.









