BAYRAQDAR MEDİA – Nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi iki yolda düyməli piyada svetoforları quraşdırılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsi, Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasının qarşısında və Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (“Azure” Biznes Mərkəzinin qarşısı) piyadalar və avtomobillər arasında hərəkət növbəliliyi olmadığından nəqliyyat sıxlığı və qəza şəraiti yaranırdı. Sözügedən Mərkəz tərəfindən hər iki piyada keçidində 4 ədəd LED işıqlandırma ilə təchiz olunan düyməli piyada svetoforları quraşdırılaraq piyadaların istifadəsinə verilib. Nəticədə həm hərəkət növbəliliyi təmin olunub, həm də qəza şəraiti aradan qaldırılıb”.
Bildirək ki, hazırda digər ərazilərdə olan piyada keçidlərində də nəqliyyat və piyada intensivliyi nəzərə alınaraq svetoforların quraşdırılması işləri aparılır.





