Mehmet Seman Ağa: Dövlət qurumlarında türkmənlərə qarşı edilən haqsızlıqlar aradan qaldırılmalıdır
BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin (İTC) başqanı Mehmet Seman Ağa bəyan edib ki, Kərkükə bağlı Altunköprü qəsəbəsindəki bələdiyyə və digər dövlət idarələrində aparılan təyinatlarda türkmənlərin təmsil olunmaması məsələsinə qarşı Baş nazirlikdən həll yolu gözləyirlər.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Məlumata görə, M.S.Ağa verdiyi açıqlamada bildirib ki, Altunköprüdəki bələdiyyə və digər rəsmi qurumlardakı bürokratik təyinatlarda türkmənlər prosesdən kənarda saxlanılıb və bu, qəbuledilməzdir: “Türkmənlərin bu ədalətsizliyə qarşı etiraz aksiyalarını davam etdirdiyini vurğulayan M.S.Ağa, istər bələdiyyədə, istərsə də digər qurumlarda türkmənlərə qarşı edilən haqsızlıqların aradan qaldırılması üçün İraq Baş nazirliyinin Baş katibi Məhəmməd Əli ilə məsələni müzakirə etdiyini, edilən haqsızlıqlar və yaranmış problemlərin həlli üçün türkmən etirazçılardan bir neçə saatlıq möhlət istəndiyini bildirib”.
İTC Başqanı deyib ki, əgər İraq hökuməti verdiyi vədə əməl edərsə, Altunköprüdəki etirazlara son veriləcək.
Xatırladaq ki, Kərkükə bağlı, türkmənlərin sıx şəkildə yaşadığı Altunköprü qəsəbəsində Bələdiyyə rəhbərliyində aparılan dəyişikliklərdə türkmənlərə yer verilməməsi yerli əhalinin sərt etirazına səbəb olub. Yaşanan hadisələrdən sonra türkmən vətəndaşlar qəsəbədə etiraz çadırı qurublar.





