BAYRAQDAR MEDİA – Adalia Beynəlxalq Qadın Platformasının üzvləri, qadınların liderlik və sahibkarlıq sahəsində dəstək və inkişafına töhfə vermək məqsədilə, Azərbaycanın qabaqcıl nəqliyyat-logistika şirkətlərindən biri olan Heritus Logistics-in baş ofisini ziyarət ediblər.
BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, səmimi ab-havada keçən görüş zamanı hər bir iştirakçı özünü və fəaliyyət sahəsini təqdim edərək yeni tanışlıqların əsasını qoyub.
Məlumata görə, qadın sahibkarlığının müxtəlif sahələrdə təmsil olunması və bir-birini gücləndirməsi bu platforma görüşünün əsas mövzusuna çevrilib: “Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub, gələcək layihələr və təşəbbüslər üçün ortaq planlar qurulub. Heritus Logistics-in təcrübəli komandası ilə fikir mübadiləsi, qadınların logistik sektorda daha fəal iştirakına dair önəmli məqamları gündəmə gətirib”.
Məlumata əsasən Adalia Beynəlxalq Qadın Platformasının qurucusu və rəhbəri Dilşad Əhədova görüş zamanı bildirib: “Biz qadınların bir-birindən öyrənə bildiyi, yeni fürsət qapılarının açıldığı belə platformaların sayəsində daha güclü və birləşmiş şəkildə inkişaf edirik. Heritus Logistics ilə başlayan bu dialoqun gələcəkdə mühüm layihələrlə nəticələnəcəyinə inanırıq.”
Ziyarət çərçivəsində Heritus Logistics-in iş mühiti ilə yaxından tanışlıq olub, şirkətin qadın əməkdaşlarına yaradılan imkanlar və dəstək mexanizmləri təqdim edilib. Bu görüş Adalia Beynəlxalq Qadın Platformasının “Qadınlar üçün açıq qapılar” təşəbbüsünün növbəti addımı olaraq qadınların həm yerli, həm də beynəlxalq əməkdaşlıqlara çıxış imkanlarını artırmağa yönəlib.





