BAYRAQDAR MEDİA – Heydər Əliyev Fondu (HƏF), Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə növbəti dəfə Vaqif Poeziya Günləri keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “ənənəvi poeziya bayramı bu il də Azərbaycanın bir neçə şəhər və rayonunu əhatə edəcək. Tədbir iyulun 14-də Molla Pənah Vaqifin doğulduğu Qazax rayonundan başlayacaq. İyulun 15-də Gəncə şəhərində, iyulun 16-da isə Ağdam rayonunda davam edəcək Poeziya Günləri 17-18 iyul tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacaq. Şuşada keçiriləcək tədbirlərdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, dövlət və hökumət nümayəndələri iştirak edəcək”.
Daha sonra xəbərdə deyilir ki, “Poeziya Günləri çərçivəsində Qazax, Gəncə, Ağdam və Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında – o cümlədən HƏF tərəfindən bərpa olunan M.P.Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi, Qarabağ oteli və Mehmandarovlar malikanəsində poeziya saatları, kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmi konfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlar təşkil ediləcək. Qeyd edək ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə M.P.Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb və onun tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsi nəticəsində Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günləri yenidən doğma yurdunda – Azərbaycanın mədəniyyət paytaxtında keçirilməyə başlanıb”.
Bu il də Vaqif Poeziya Günləri poeziya, ədəbiyyat və mədəniyyət həvəskarlarına unudulmaz anlar yaşadacaq.





