BAYRAQDAR MEDİA – Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası sədr müavini Serdar Ünsal, bir mağaraya daxil olduqları zaman metan qazından zəhərlənərək şəhid olan 12 türk əsgəri ilə bağlı başsağlığı mesajı yayımlayıb. S.Ünsal bu faciənin bütün Türkiyəni dərindən sarsıtdığını bildirib və şəhidlərin əziz xatirəsinin əbədi yaşadılacağını vurğulayıb.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, S.Ünsal mesajında deyib:“Qəhrəman əsgərlərimizin xidmət başında yaşadığı bu faciə, bir millət olaraq hamımızın ürəyini dağlamışdır. Girdikləri mağarada metan qazından zəhərlənərək şəhid olan 12 vətən övladımıza Allahdan rəhmət, ailələrinə, yaxınlarına və əziz millətimizə başsağlığı diləyirəm. Bu böyük ağrını dərin hüznlə paylaşırıq.”
S.Ünsal əlavə edib ki, əsgərlərin xidmət başında həyatını itirməsi sadəcə bir itki deyil, həm də millətin ortaq yasına çevrilib.





