Press "Enter" to skip to content

Fazil Mustafadan konfrans iştirakçılarına təbrik məktubu

Fazil Mustafa

Son yeniləmə: 11 İyul 2025

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Azərbaycan Respiblikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci ilin orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi “Türk dünyası: Ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsinə həyata keçirir. Layihə çərçivəsində artıq bir sıra işlər görülüb. İyulun 9-da isə layihə çərçivəsində “Bizim ailəmiz türk dünyasıdır” adlı konfrans keçiriləcək.

Bu barədə İctimai Birlikdən məlumat verib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa konfransa təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: “Kuzey Kıbrıs Türk Cümhuriyyətində keçirilən “Bizim ailəmiz türk dünyasıdır” konfransının iştirakçılarına. Hörmətli təşkilatçılar və əziz iştirakçılar! Sizi – Türk dünyasının dəyərli nümayəndələrini, qardaş Kuzey Kıbrıs Türk Cümhuriyyətində keçirilən “Bizim ailəmiz türk dünyasıdır” adlı konfrans münasibətilə səmimi-qəlbdən salamlayır və bu əlamətdar tədbirin işinə uğurlar arzulayıram”.

“Qürurverici haldır ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin “Türk dünyası: Ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində belə bir mötəbər toplantı həyata keçirilir. Bu layihə təkcə keçmişimizi yada salmaq deyil, həm də ortaq dəyərlərimiz üzərində gələcək əməkdaşlığımızın əsaslarını möhkəmləndirmək baxımından böyük əhəmiyyət daşıyır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşkilati dəstəyi bu tədbirin türk dünyası arasında dostluq körpüsünün daha da möhkəmlənməsinə xidmət edir. Qardaş xalqlarımızın ortaq tarixi, dili, mədəniyyəti və mənəvi irsi bizi bir-birimizə daha sıx tellərlə bağlayır və bu bağların gələcək nəsillərə ötürülməsi vacib milli vəzifəmizdir” deyə daha sonra bildirilir.

F.Mustafanın təbrik məktubu bu sözlərlə tamamlanır: “Əminəm ki, bu konfrans Türk dünyasının birliyi, həmrəyliyi və ortaq gələcəyi naminə yeni ideyaların müzakirə olunduğu, səmərəli nəticələrin əldə edildiyi mühüm bir platformaya çevriləcək. Bir daha tədbir iştirakçılarını salamlayır, konfransın işinə uğurlar arzulayıram. Türk dünyasının birlik və həmrəyliyi daim möhkəm olsun!”

Mission News Theme by Compete Themes.