BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Azərbaycan Respiblikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci ilin orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin “Türk dünyası: Ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi həyata keçirilir. Layihə çərçivəsində artıq bir sıra işlər görülüb.
İyulun 9-da isə layihə çərçivəsində “Bizim ailəmiz türk dünyasıdır” adlı konfrans keçiriləcək.
Bu barədə İctimai Birlikdən məlumat verilib.
Məlumata görə, KKTC Cümhurbaşqanlığı Yerleşkesində keçiriləcək konfrans yerli vaxtla saat 14:00-da başlayacaq.
KKTC Cümhurbaşqanı Ersin Tatarın da iştirak edəcəyi gözlənilən konfransın iştirakçıları arasında elm adamları, siyasilər, müxtəlif təşkilatların təmsilçiləri, uşaq, yeniyetmə, tələbə və gənclər olacaq.
Həmçinin Azərbaycan Milli Məclisinin Azərbaycan – Şimali Kipr Parlamentlər arası Dostluq Qrupunun üzvü Vüqar İskəndərovun, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar Jurnalist Nadir Azərinin, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun və Manisa Azerbaycan Kültür ve Dayanışma Derneği Yönetim Kurulu Başkanı Şentürk Hoşgülün konfransda çıxışı olacaq.








