BAYRAQDAR MEDİA – Türkiyənin İzmir şəhərində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti (EGE) arasında həyata keçirilən ikili diplom proqramının ikinci məzun buraxılışı münasibətilə tədbir keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə KTN-in Aparat rəhbəri Azad Cəfərli, ADAU-nun rektoru Zəfər Qurbanov, kənd təsərrüfatı nazirinin müşaviri Fərid Nəcəfov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, KTN-in Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev, hər iki universitetin rəhbərliyi və nümayəndələri, ikili diplom proqramının rəhbər komitəsinin üzvləri, dövlət rəsmiləri, akademik heyət və tələbələr iştirak ediblər”.
Ardınca xəbərdə, “tədbirdə çıxış edən rəsmilər ADAU–EGE əməkdaşlığını Azərbaycan ilə Türkiyə arasında elm və təhsil sahəsində mövcud strateji tərəfdaşlığın uğurlu nümunəsi kimi dəyərləndirib, ölkələrin aqrar təhsilinin inkişafında və yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında bu proqramların mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, bu il proqram çərçivəsində 4 ixtisas üzrə ümumilikdə 68 tələbə məzun olub. Ümumiyyətlə, son iki il ərzində 97 nəfər ADAU–EGE ikili diplom proqramını uğurla başa vurub. Məzunların əksəriyyəti ali təhsillərini magistratura səviyyəsində davam etdirərək elmi və peşəkar biliklərini daha da dərinləşdiriblər” deyə bildirilir.
Qeyd edək ki, tədbir çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, yeni ixtisaslar üzrə ikili proqramların təşkili və gənc mütəxəssislərin beynəlxalq təcrübə imkanlarının artırılması istiqamətində müzakirələr aparılıb.
Çıxış edənlər nəzəri biliklərin təcrübədə tətbiqinin vacibliyini vurğulayıb, tələbələrə uğurlar arzulayıblar.





