Press "Enter" to skip to content

Bakı Beynəlxalq Dəniz Limanında əməliyyat-taktiki təlim

Bakı Beynəlxalq Dəniz Limanında əməliyyat-taktiki təlim

BAYRAQDAR MEDİA – “AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) dəstəyi, Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Bakı Beynəlxalq Dəniz Limanında “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “Bakı 2025” adlı əməliyyat-taktiki təlim keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADY-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “FHN, ADY və digər qurumların rəhbər şəxslərinin müşahidəsi ilə keçirilmiş təlimin məqsədi irimiqyaslı fövqəladə hallar zamanı xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyət mexanizmini sınaqdan keçirmək, aidiyyəti qurumların real imkanlarını qiymətləndirmək, idarəetmə sistemini təkmilləşdirmək və qərargahların əməliyyat hazırlığını artırmaq olub”.

Daha sonra xəbərdə, “təlimin ssenarisinə əsasən, episentri Xəzər dənizində olmaqla Bakıdan 110 km cənub-şərqdə güclü şərti zəlzələnin nəticələrinin aradan qaldırılması üçün operativ axtarış-xilasetmə, yanğınların söndürülməsi və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib. Təlimə ümumilikdə 1 mim 250 nəfərlik şəxsi heyət, 8 helikopter, 277 ədəd xüsusi texnika və 14 baş xüsusi təlim keçmiş xidmət iti cəlb edilib. Bu təlim ADY-nin digər infrastruktur obyektləri ilə yanaşı, Dəniz Limanında da təhlükəsizliyə, fövqəladə halların nəticələrinin aradan qaldırılmasına xüsusi önəm verdiyini nümayiş etdirir. ADY-də bu kimi təlimlər mütəmadi olaraq həyata keçirilir” deyə bildirilir.

Qeyd edək ki, Bakı Limanı Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq ADY-nin strukturuna inteqrasiya edilib. Xəzər hövzəsinin ən böyük limanı olan bu liman müasir standartlara cavab verən təhlükəsizlik avadanlıqları, o cümlədən yanğından mühafizə və fövqəladə hallara operativ reaksiya sistemləri ilə təchiz edilib.

Həmçinin liman ərazisində yük əməliyyatları zamanı personalın və yüklərin təhlükəsizliyi üçün ən qabaqcıl təcrübələr tətbiq edilir, 24 saat mühafizə xidməti aparılır.

Mission News Theme by Compete Themes.