BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Azərbaycan Respiblikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci ilin orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi “Türk dünyası: Ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsinə həyata keçirir. Layihə çərçivəsində artıq bir sıra işlər görülüb. İyulun 12-də isə layihə çərçivəsində Manisada “Bizim ailəmiz türk dünyasıdır” adlı dəyirimi masa keçiriləcək.
Bu barədə İctimai Birlikdən məlumat verib.
Qeyd edilib ki, Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa konfransa təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: “Qürurverici haldır ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin “Türk dünyası: Ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində belə bir mötəbər toplantı həyata keçirilir. Bu layihə təkcə keçmişimizi yada salmaq deyil, həm də ortaq dəyərlərimiz üzərində gələcək əməkdaşlığımızın əsaslarını möhkəmləndirmək baxımından böyük əhəmiyyət daşıyır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkilati dəstəyi bu tədbirin Türk dünyası arasında dostluq körpüsünün daha da möhkəmlənməsinə xidmət edir”.
Məktubda həmçinin “Qardaş xalqlarımızın ortaq tarixi, dili, mədəniyyəti və mənəvi irsi bizi bir-birimizə daha sıx tellərlə bağlayır və bu bağların gələcək nəsillərə ötürülməsi vacib milli vəzifəmizdir. Bir daha tədbir iştirakçılarını salamlayır, konfransın işinə uğurlar arzulayıram. Türk dünyasının birlik və həmrəyliyi daim möhkəm olsun!” deyə bildirilir.





