Son yeniləmə: 10 İyul 2025
BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyində (DİN) 2025-ci ilin birinci yarımilinə dair əməliyyat-xidməti fəaliyyətin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında müzakirə olunan əsas məsələlərdən biri də əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində görülən işlər olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DİN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilirnki, “müşavirədə Baş Prokurorluq və DİN tərəfindən yaradılmış birgə işçi qrupun fəaliyyəti xüsusi vurğulanıb. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bildirib ki, prokurorluq və polis əməkdaşlarından ibarət bu qrupun həyata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri konkret nəticələr verib, cinayətlərin, xüsusilə ağır və xüsusilə ağır kateqoriyadan olanların açılması sahəsində əhəmiyyətli irəliləyişlər əldə olunub”.
Qeyd olunub ki, bu fəaliyyət nəticə etibarilə qanunçuluğun möhkəmləndirilməsinə, vətəndaşların hüquq və mənafelərinin qorunmasına, eyni zamanda cinayətkarlıqla mübarizənin səmərəliliyinin artırılmasına mühüm töhfə verib.
Bu istiqamətdə görülən işlər hüquq-mühafizə orqanları arasında effektiv koordinasiya və qarşılıqlı fəaliyyətin mühüm nümunəsi kimi qiymətləndirilib.





