Press "Enter" to skip to content

Kağızdan istifadə minimuma endirilir

BAYRAQDAR MEDİA – “Azərbaycan Dəmir Yolları” QSC (ADY) kağızdan istifadənin minimuma endirilməsi, ətraf mühitə mənfi təsirin azaldılması, eləcə də əməliyyat səmərəliliyinin artırılması və daha rahat, növbəsiz bilet alışının təşviqi məqsədilə beynəlxalq təcrübəyə əsaslanaraq rəqəmsallaşma istiqamətində növbəti addım atır.

Bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, “bununla əlaqədar olaraq iyulun 15-dən etibarən Bakı və Gəncə vağzalları istisna olmaqla rayonlararası istiqamətlər üzrə vağzal və stansiyalarda kassaların fəaliyyəti mərhələli şəkildə dayandırılacaq. ADY bilet satışı üzrə əməliyyatları sürətləndirmək üçün “ADY Mobile” tətbiqini və rəsmi veb-saytını (ticket.ady.az) daha da təkmilləşdirib. Həmçinin saytda inklüzivliyin qorunması məqsədilə “Müyəssərlik” menyusu əlavə edilərək hər kəs üçün əlçatan xidmət təmin edilib”.

Məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi nəticəsində son illər bilet alışında mobil tətbiqin və ADY-nin rəsmi saytının payı artıb: “Artıq “ADY Mobile” istifadəçilərinin sayı 250 mini ötüb, təkcə son 6 ayda 90 minə yaxın istifadəçi tətbiqi yükləyərək “ADY Mobile”ın geniş imkanlarından yararlanıb. Ötən il rayonlararası istiqamətlərə səfərlərdə 70 faiz sərnişin biletlərini onlayn şəkildə əldə edib. Bu ilin 6 ayında isə bu rəqəm 80 faizə yaxınlaşıb. Sərnişinlər onlayn bilet satışının 7/24 aktiv olması nəticəsində məkan və zamandan asılı olmayaraq həm özlərinə, həm də ailə üzvləri və yaxınlarına rahat bilet almaqla vaxtlarına maksimum qənaət edirlər”.

Mission News Theme by Compete Themes.