BAYRAQDAR MEDİA – Bakı Dövlət Universiteti (BDU) ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “Memorandumu BDU rektoru Elçin Babayev və Mərkəzin icraçı direktoru Vüsal Qasımlı imzalayıb. BDU ilə sözügedən Mərkəz təhsil, elmi-tədqiqat, innovasiya, insan kapitalının inkişafı, strateji kommunikasiya, davamlı inkişaf sahələrində əməkdaşlıq edəcək, çoxsaylı layihələr həyata keçirəcək”.
Ardınca xəbərdə, “Memorandum çərçivəsində milli iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə ortaq tədqiqatlar aparılacaq, Universitetin elmi potensialı Mərkəz tərəfindən aparılan islahatların təhlilində istifadə olunacaq. Universitetin tələbə və tədqiqatçıları üçün Mərkəzdə təcrübə proqramları, mentorluq, seminar və təlim proqramları təşkil ediləcək. Məlumat və resurs mübadiləsi çərçivəsində açıq məlumat bazalarının, analitik hesabatların və iqtisadi təhlillərin paylaşılması, strateji sənədlər və dövlət proqramlarının elmi əsaslandırılması məqsədilə tövsiyələrin hazırlanması, davamlı inkişaf, yaşıl iqtisadiyyat və sosial rifah mövzularında ekspert müzakirələri və dəyirmi masaların təşkili, rəqəmsal iqtisadiyyat sahəsində ortaq təşəbbüslər və pilot layihələrin, startapların dəstəklənməsi də əməkdaşlıq ediləcək sahələr sırasındadır” deyə qeyd edilir.
Bununla yanaşı, tərəflər strateji kommunikasiya və ictimai rəyin öyrənilməsi üzrə də sıx əməkdaşlıq edəcək. Bu çərçivədə iqtisadi islahatların ictimai təsirlərinin öyrənilməsi üzrə sorğular və sosial tədqiqatların keçirilməsi, birgə məlumatlandırma kampaniyalarının təşkili nəzərdə tutulur.





