BAYRAQDAR MEDİA – Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Albaniyanın Elbasan bölgəsində xırdabuynuzlu heyvanların taunu, Yaponiyanın Kyuşu regionunda nodulyar dermatit, Kamboca Krallığının Kampot əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, diri ev və vəhşi xırdabuynuzlu heyvanların və onlara aid məhsulların, diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, diri quş və quşçuluq məhsullarının idxalı ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Agentliyi AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub”.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.









