BAYRAQDAR MEDİA – Eskişehirdə avtomobil sıxlığını azaltmaq və ekoloji nəqliyyatı təşviq etmək məqsədilə həyata keçirilən “Park Et – Davam Et” layihəsi 14 iyuldan etibarən iki məkanda tətbiq edilir.
Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.
Məlumata görə, Eskişehir Böyükşəhər Bələdiyyə Başqanı Ayşe Ünlücenin seçki vədləri arasında yer alan bu layihə şəhər nəqliyyatını rahatlaşdırmaq və ekoloji nəqliyyatı təşviq etmək üçün nəzərdə tutulub: “ Tətbiq 14 iyul Bazar ertəsi günü iki pilot nöqtədə başlayacaq. Güney-batı istiqamətində Porsuk tramvay dayanacağı yanındakı pulsuz açıq dayanacaq və şərqdə şəhərlərarası avtovağzal yanındakı pullu dayanacaq layihəyə daxil edilən ilk ərazilər olub”.
Məlumata əsasən, vətəndaşlar bu dayanacaqlara avtomobillərini saxlayaraq Eskart və ya kredit kartı ilə tramvay və ya avtobusa minərək şəhər mərkəzinə gedə biləcəklər. Eyni gün içində ictimai nəqliyyatdan istifadə edənlər geri dönərkən dayanacaqdan pulsuz yararlana biləcəklər. Beləliklə vətəndaşlar həm tıxac problemini yaşamayacaq, həm də dayanacaq xərclərindən qənaət etmiş olacaqlar.





