BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) Türk Ticarət Mərkəzinin vasitəçiliyi ilə Azərbaycanda işgüzar səfərdə olan bir qrup iş adamı ilə görüş keçirilib.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, Türkiyədə tekstil, inşaat, İKT, istehsal (mebel, lift, qida), o cümlədən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla keçirilən görüş zamanı Azərbaycanda investisiya qoyuluşlarının dəstəklənməsi sahəsində vergi və gömrük inzibatçılığına dair məsələlər müzakirə edilib.
DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov biznes nümayəndələrinin vergi qanunvericiliyinə dair suallarını cavablandırıb işğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə tətbiq edilən vergi güzəştləri, o cümlədən digər sahələr üzrə təşviqlər barədə görüş iştirakçılarını məlumatlandırıb.
Sonra Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuklu təqdimat keçirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə geniş müzakirələr aparılıb.





