BAYRAQDAR MEDİA – Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.
Xəbərdə bildirilir ki, “təəssüf ki, bəzən sürücülər hava və yol şəraitini, hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq vaxtını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla təhlükəli vəziyyət yaratdıqlarının fərqinə varmırlar. Qanuna əsasən sürücü baş vermiş qəzanın daha bir xoşagəlməz hadisəyə səbəb olmaması üçün ilk növbədə qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı və ən qısa zamanda yolun hərəkət hissəsini boşaltmağa çalışmalıdır”.
Sonra xəbərdə, “eləcə də, avtomobil sıradan çıxdıqda, sürücü onu yoldan tamamilə kənara, bu mümkün olmadıqda səki və ya yol çiyninə çəkməli, digər sürücüləri xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görməlidir. BDYPİ səhlənkarlıq səbəbindən dəfələrlə ağır faciələrin yaşandığını bir daha sürücülərin diqqətinə çatdırır və onları özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağa çağırıb” deyə qeyd edilir.





