Press "Enter" to skip to content

Türkiyədə dövlət tədbirləri keçirilib

Tədbirlərdə Azərbaycan nümayəndələri də iştirak edib

BAYRAQDAR MEDİA – Türkiyədə FETÖ terror təşkilatının 15 iyul 2016-ci ildə dövlət çevrilişinə cəhdinin 9-cu ildönümü ilə əlaqədar dövlət tədbirləri keçirilir. Tədbirlərdə Azərbaycandan “Qardaşlığımız əbədidir” QHT koalisiyasının sədri Emin Həsənli və həmin hadisələr zamanı qəhrəmancasına şəhid olmuş Ömər Xalisdəmirin silah yoldaşı, Qarabağ qazisi Famil Fərəcov iştirak edirlər.

Bu barədə BAYRAQDAR MEDİA-ya Emin Həsənli məlumat verib.

Qeyd edək ki, Emin Həsənli və Famil Fərəcov Türkiyə Cumhurbaşqanı Recep Tayyip Erdoğanın da iştirak etdiyi tədbirdən əvvəl Türkiyə Ehtiyatda Olan Gizirlər birliyinin üzvləri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət ediblər. Burada çevrilişə cəhd zamanı şəhid olmuş Türkiyənin Quru Qoşunları komandanının köməkçilərinin biri, gizir Bülənd Aydının və digər şəhidlərin məzarları ziyarət olunub.

Xiyabanda keçirilən anım mərasimində Bülənd Aydının silahdaşları, dostları onun keçdiyi şərəfli xidmət yolu haqqında məlumat verib və xatirələrini danışıblar.

Sonra Türkiyə Cümhurbaşqanının iştirakı ilə Özəl Hərəkat mərkəzində şəhid yaxınları və qazilərin də qatıldığı böyük tədbir keçirilib. Türkiyə Cümhurbaşqanı bu hadisələrlə bağlı geniş çıxış edib.
Ardınca isə Türkiyə Cümhurbaşqanlığının konqres mərkəzində 15 iyun qiyamına həsr olunmuş “Ən uzun gecə” ədəbi-bədi kompozisiyası nümayiş etdirilib.

Tədbirlərin sonunda şəhid ailələri ilə, qazilərlə görüşən R.T.Erdoğan onların Vətən qarşısında, dövlət qarşısında, xalq qarşısında xidmətlərini vurğulayıb.

Tədbirlərdə iştirak edən Emin Həsənli və Famil Fərəcov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşüblər. Görüş zamanı iki ölkənin hərbçiləri arasında əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsinin vacibliyi bildirilib. Bu istiqamətdə daha konkret və əməli addımların atılacağı bir daha vurğulanıb.

Tədbirlər zamanı Azərbaycandan olan qonaqlar Türkiyənin ədliyyə naziri Yılmaz Tunçla da görüşüblər. Bu görüşdə də bildirilib ki, iki ölkə arasında əlaqələrdə hərbi yönümlü təşkilatların əməkdaşlığı xüsusi önəm daşıyır.

Daha sonra Emin Həsənli və Famil Fərəcov 15 iyul qaziləri və şəhid ailələri ilə də görüşlər keçiriblər.

Mission News Theme by Compete Themes.