Press "Enter" to skip to content

Məhsuldar müzakirələr aparılıb

Tədbir zamanı

Hanoyda Azərbaycan – Vyetnam Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib

BAYRAQDAR MEDİA – Hanoy şəhərində Azərbaycan -Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, iclasdan əvvəl Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Dien ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında görüş olub. Görüşdəiki ölkənin əməkdaşlıq gündəliyində yer alan aktual məsələlərə dair müzakirələr aparılıb: “Sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Hökumətlərarası Komissiyanın iclasında həmsədrlər – Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Dien çıxış ediblər.

Azərbaycan və Vyetnam arasında 1959-cu ildə Prezident Ho Şi Minin Bakıya, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Hanoya səfərləri ilə təməli qoyulmuş münasibətlərin, bu ilin may ayında Vyetnam Sosialist Respublikasının Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə etdiyi dövlət səfəri ilə yeni mərhələyə yüksəldiyi vurğulanıb”. Məlumata görə, energetika naziri Pərviz Şahbazov bildirib ki, bu səfər çərçivəsində qəbul olunan Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanat və imzalanan sənədlər iki ölkə arasında çoxşaxəli əməkdaşlığın inkişafı üçün yol xəritəsi rolunu oynayır: “Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu səfəri böyük siyasi əhəmiyyətə malik hadisə, Birgə Bəyanatı isə olduqca ciddi siyasi sənəd kimi dəyərləndirib. “Hökumətlərarası Komissiyaya bu Bəyanatın müddəalarını praktiki layihələrə çevirmək, ticarət-iqtisadi əməkdaşlığı fəallaşdırmaq və genişləndirmək, əmtəə dövriyyəsini və qarşılıqlı sərmayələri artırmaq tapşırılıb. Bu məqsədlə, 2025 – 2027-ci illəri əhatə edən, 17 prioritet istiqamət üzrə 58 tədbirin icrasını nəzərdə tutan “Əməkdaşlıq Sahələri” sənədi hazırlanıb. Azərbaycan və Vyetnam strateji tərəfdaş olaraq qarşıdakı illərdə bütün bu sahələr üzrə əhəmiyyətli nailiyyətlər əldə etmək əzmindədir”,- deyə nazir əlavə edib”.

Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Dien isə deyib ki, siyasi və diplomatik əlaqələrimiz sabitdir, enerji sahəsində əməkdaşlığımız isə strateji xarakter daşıyır: “Bu əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm siyasi iradə və liderlər səviyyəsində qətiyyətli dəstək vardır. Cənub-Şərqi Asiyada üçüncü ən böyük iqtisadiyyata malik Vyetnam 115 milyonluq əhalisi və azad ticarət sazişləri çərçivəsində çıxış əldə etdiyi 600 milyon nəfərlik bazarı ilə əməkdaşlıq üçün böyük imkanlar təqdim edir.”

İclasda siyasi, ticarət, investisiya, enerji, nəqliyyat, kiçik və orta sahibkarlıq, turizm, kənd təsərrüfatı, müdafiə sənayesi, mədəniyyət, təhsil və digər sahələr üzrə əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib.

Qeyd edilib ki, mədəni və humanitar sahələrdə əməkdaşlıqda artan dinamika müşahidə olunur: “Bu ilin aprel ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri çərçivəsində keçirilmiş mədəni və xeyriyyə tədbirləri bu istiqamətdə qarşılıqlı marağın bariz nümunəsidir. Gələn həftə Azərbaycanda təşkil olunacaq “Vyetnam Günləri” mədəni əlaqələrin genişlənməsinə xidmət edəcək”.

Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb və 2025-2027-ci illəri əhatə edən Fəaliyyət Planı qəbul edilib.

Mission News Theme by Compete Themes.