BAYRAQDAR MEDİA – Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi bu ilin ilk beş ayında 5,4 faiz artaraq 58,4 milyon ABŞ dollarına çatıb. Bu da əməkdaşlıqda müsbət dinamikanın göstəricisidir.
Bu barədə Energetika Nazirliyinin məlumatında qeyd edilib.
Məlumata görə, birgə səylər bu rəqəmin və qarşılıqlı sərmayələrin daha da artırılmasına töhfə verəcək. Enerji sahəsində əməkdaşlığa gəlincə, bildirilib ki, “SOCAR Trading”in Vyetnam bazarında aparıcı spot tədarükçülərdən biri kimi fəaliyyəti, xam neftin tədarükü və Vyetnam neftinin beynəlxalq satışlarında iştirakı bu sahənin əsas istiqamətlərindəndir. Energetika Nazirliyi, SOCAR və müvafiq Vyetnam tərəfdaşları arasında imzalanmış Anlaşma Memorandumları, eləcə də ROX Group ilə bərpa olunan enerji üzrə tərəfdaşlıq sənədi enerji əməkdaşlığını daha da gücləndirəcək.
O da bildirilib ki, Orta Dəhliz, Şimal – Cənub və Şərq – Qərb nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıq hər iki ölkənin tranzit imkanlarının səmərəli istifadəsini təmin edəcək. Keçən il Silk WayAirlines Vyetnamda nümayəndəlik ofisi açıb və yaxın zamanda yükdaşımalar üzrə birbaşa reyslərin başlaması gözlənilir. Bakı-Hanoy marşrutu üzrə sərnişin reysləri “Azərbaycan Hava Yolları”nın inkişaf planlarına daxil edilib.
Qeyd edilib ki, müdafiə sənayesi və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün əhəmiyyətli potensial mövcuddur.





