Kuzey Kıbrısda keçirilən “Bizim ailəmiz türk dünyasıdır” adlı konfrans maraqlı çıxışlar, türk dünyasının gələcəyi ilə bağlı təklif və fikirlərin səsləndirilməsi ilə yadda qalıb
BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasını uğurla davam etdirir. Layihə çərçivəsində bir sıra işlər görülüb, həmçinin Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Lefkoşa şəhərində “Bizim ailəmiz türk dünyasıdır” adlı konfrans keçirilib.

İctimai Birlikdən verilən məlumata görə, konfrans maraqlı çıxışlar, türk dünyasının gələcəyi ilə bağlı təklif və fikirlərin səsləndirilməsi ilə yadda qalıb.
Məlumatda deyilir ki, konfrans QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, CASCFEN-nin və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə KKTC-nin Cumhurbaşqanlığında reallaşıb.
Konfransda KKTC Cumhurbaşqanı Ersin Tatar, milli təhsil naziri Nazım Çavuşoğlu, Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov, həmçinin KKTC, Türkiyə və Azərbaycandan olan ictimaiyyəti nümayəndələri, ziyalılar, türk dünyasının bir sıra ölkələrindən olan uşaq, yeniyetmə və gənclər iştirak edib.
Orhan Həsənoğlu: Türk dünyasının daha da dərindən inteqrasiya üçün bu cür tədbirlərin keçirilməsi vacibdir
Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu belə bir tədbirin KKTC-də keçirilməsinin əhəmiyyətinə toxunub. O, qeyd edib ki, türk dünyasının daha da dərindən inteqrasiya üçün bu cür tədbirlərin keçirilməsi vacibdir.

O.Həsənoğlu bildirib ki, türk dünyasının gələcəyinin də güclü olması üçün uşaq və gənclər ortaq mirasımız barədə geniş məlumatlara sahib olmalıdırlar: “Hesab edirəm ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşan “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi bu baxımdan yaddaqalan olacaq. Layihə çərçivəsində “Bizim ailəmiz türk dünyasıdır” adlı konfransın KKTC-də keçirilməsi isə başqa bir önəm daşıyır”.
O, konfransda türk dünyasının bir sıra yerlərindən olan uşaq, yeniyetmə və gənclərin də iştirak etdiyini diqqətə çatdırıb.
Nadir Azəri: Məhz bu dəstəyin nəticəsidir ki, biz KKTC-də belə möhtəşəm bir tədbir keçiririk
Sonra çıxış edən CASCFEN sədri Nadir Azəri layihə barədə ətraflı məlumat verib.
O, qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dövlətin QHT-lərlə bağlı siyasətini uğurla həyata keçirməklə yanaşı, türk dünyası ilə bağlı layihələrə də yaxından dəstək olur: “Məhz bu dəstəyin nəticəsidir ki, bu gün biz burada KKTC-də belə möhtəşəm bir tədbir keçiririk”.

Nadir Azəri Azərbaycan Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını da nəzərə çatdırıb.
Şentürk Hoşgül: Bu, “bir millət üç dövlət” prinsipinə sadəqətin növbəti təzahürü kimi dəyərləndirilə bilər
Çıxış edən Manisa-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül konfransın türk dünyasının daha dərin inteqrasiyası baxımından önəmindən bəhs edib.

O, çıxışında həmçinin türk mirasının gələcək nəsillərə çatdırılmasının önəmindən də danışıb: “Öncə onu deyim ki, bu layihə olduqca mühüm əhəmiyyət kəsb edir. Layihə çərçivəsində tədbirlərin KKTC, Türkiyə və Azərbaycanda keçirilməsi isə “bir millət üç dövlət” prinsipinə sadəqətin növbəti təzahürü kimi dəyərləndirilə bilər”.
Şəmil Sadiq: Təhsil sahəsində əlaqələrin dərinləşməsi türk dünyasının inteqrasiyasında mühüm rol oynayır
Konfransda çıxış edən Azərbaycanın Hədəf Şirkətlər Qrupunun qurucuçu Şəmil Sadiq KKTC ilə əlaqələrin inkişafından bəhs edib.

O, təhsil sahəsində əlaqələrin inkişafı istiqamətində atılan addımların önəminə toxunub. Qeyd edilib ki, təhsil sahəsində əlaqələrin dərinləşməsi Türk dünyasının inteqrasiyasında mühüm rol oynayır.
Nazım Çavuşoğlu: Bu konfrans iki ölkə arasında yaxınlaşmalara da zəmin yaradır
Kuzey Kıbrıs Türk Cümhuriyyətinin milli təhsil naziri Nazım Çavuşoğlu isə çıxışında bu cür konfransların davamlı olmasını arzu edib.

Nazir Azərbaycanlı gənclərin KKTC-də təhsil almasının və Azərbaycanlı gənclərlə KKTC-li gənclər arasında yaxınlaşmanın təmin edilməsinin önəmini vurğulayıb.
N.Çavuşoğlu, keçirilən konfransın iki ölkə arasında yaxınlaşmalara zəmin yaratdığını da qeyd edib.
Vüqar İskəndərov: Ortaq miras – sadəcə keçmişin izi deyil, bizim gələcək birliyimizin də bünövrəsidir
Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov isə məruzəsində türk dünyasının geniş bir coğrafiyaya yayıldığını bildirərək, “Biz dəyərlərimizlə bir-birimizə bağlıyıq” – deyib.

Millət vəkili deyib ki, ortaq miras – sadəcə keçmişin izi deyil, bizim gələcək birliyimizin bünövrəsidir: “Əgər bu mirası qorumaq istəyiriksə, sadəcə sözlə deyil, əməli layihələrlə, birgə səylərlə, təhsil, mədəniyyət və elm platformalarında əməkdaşlıqla hərəkət etməliyik”.
Ersin Tatar: Aramızdakı münasibətlərin daha da inkişaf etməsini arzu edirəm
Konfransda çıxış edən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cumhurbaşqanı Ersin Tatar, KKTC ilə Azərbaycan arasındakı qəlb birliyi və tarixi bağlardan söz açaraq, KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olmasının əhəmiyyətini vurğulayıb.

Türk dünyasının iqtisadi, mədəni və hərtərəfli əlaqələrlə gücləndiyini bildirən Ersin Tatar, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini çatdırıb və Azərbaycan xalqına salamlarını göndərib.

Ersin Tatar KKTC-nin türk dünyası ilə əlaqələrinin daha da irəliləməsi üçün səylərin davam etdiriləcəyini bildirərək, “Aramızdakı münasibətlərin daha da inkişaf etməsini arzu edirəm,” – deyib.
Sonra Ersin Tatara və Orxan Həsənoğluna təşəkkür plaketi təqdim edilib.

Konfrans xatirə fotosunun çəkilməsi ilə başa çatıb.








