Press "Enter" to skip to content

Eltən Qədimbəyli Zərdabi mükafatı ilə təltif olundu

Eltən QƏDİMBƏYLİ təltif edilərkən

Son yeniləmə: 20 İyul 2025

Elçin ƏKRƏMOĞLU

BAYRAQDAR MEDİA – Azərbaycan Jurnalistlər Birliyi tərəfindən ölkə mətbuatının 150 illiyi münasibətilə verilən Həsən bəy Zərdabi mükafatı bu il 15 media nümayəndəsinə təqdim edilib.

Təltif edilənlərin arasında Qafqaz TV-nin rəhbəri, media qurucusu, sənədli filmlərin müəllifi və aparıcı Eltən Qədimbəyli də yer alıb.

Mükafatı AJB-in sədri, “Ayna-Zerkalo” qəzetinin rəhbəri Elçin Şıxlı və Əməkdar jurnalist, Prof. Qulu Məhərrəmli təqdim ediblər.

Eltən Qədimbəyli çıxış edərək bu mükafatı təkcə özünün deyil, bölgədə işləyən bütün jurnalistlərin adından qəbul etdiyini bildirib. O, bunu həm adı, həm də nüfuzu baxımından jurnalistlər üçün ən vacib mükafatlardan biri hesab etdiyini deyib.

Eltən Qədimbəyli 2005-ci ildən bu günə qədər Quba, Xaçmaz, Lənkəran və yenidən Qubada dörd ayrı regional televiziyanın qurulmasını gerçəkləşdirib. O, hər birində bina tikintisindən komanda qurulmasına, efir strategiyasından proqram formatlarına qədər bütün media proseslərinə birbaşa rəhbərlik edib. Onun qurduğu və əmək verdiyi televiziyalar sektorda böyük uğurlara imza atıb, müxtəlif ödüllərə layiq görülüb.

Eltən Qədimbəyli, həmçinin müxtəlif populyar verilişlərin müəllifi və aparıcısıdır: “Zirvə”, “Səyyah”, “Çöldə yaşam öyüdləri”, “Aydınlanma arayışı”, habelə türk xalqlarının ortaq yaddaş və dəyərlərini tanıdan “Törənin izində” belə verilişlərdəndir.

Eltən Qədimbəyli verilişlərlə yanaşı bir neçə sənədli filmin rejissoru və prodüseridir. Onun lentə aldığı “Bitməyən sürgün”, “El gücü”, “İki dost – iki şəhid” və “Qərbi Azərbaycan – can yaddaşımız” belə filmlərdəndir.

O, eyni zamanda müxtəlif vaxtlarda mediada türk dünyası, yumşaq güc, insan mühəndisliyi və yaradıcı iqtisadiyyat mövzularında yazılarla çıxış edir, sosial şəbəkələrdə milli ruhu bəsləyən paylaşım və çağırışları ilə tanınır.

Mission News Theme by Compete Themes.