Press "Enter" to skip to content

“Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə” tədbiri olub

"Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" tədbiri olub

BAYRAQDAR MEDİA – 22 iyul Azərbaycanda Milli Mətbuat Günü – mətbuat və media nümayəndələrinin peşə bayramı kimi qeyd olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu münasibətlə iyulun 21-də “Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə” adlı tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirdə mədəniyyət naziri Adil Kərimli və Azərbaycanda fəaliyyət göstərən bir sıra media orqanlarının təmsilçiləri iştirak ediblər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mediaya diqqət və qayğısını əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə açılış nitqi söyləyən A.Kərimli bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Azərbaycan mətbuatının inkişaf yoluna nəzər salan nazir qeyd edib ki, böyük maarifçi, mütəfəkkir Həsən bəy Zərdabinin səyləri ilə 150 il öncə nəşrə başlayan “Əkinçi” qəzeti milli mətbuatın inkişafında müstəsna rol oynayıb. Ötən dövr ərzində mətbuat mədəniyyətlə birgə yol gəlib, onun üçün əsas təbliğat vasitələrindən olub”.

Sonra xəbərdə deyilir ki, “bildirilib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə mətbuatın inkişafına yüksək diqqət və qayğı göstərib. Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də kütləvi informasiya vasitələrini daim öz qayğısı ilə əhatə edib. Media qurumlarının maddi-texniki təchizatı möhkəmləndirilib, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Dövlət başçısı tərəfindən milli mətbuatın 150 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalanması da mətbuat salnaməsinə yüksək diqqətin təzahürüdür. Nazir deyib ki, şanlı Zəfərlə başa çatan Vətən müharibəsi zamanı və sonrakı mərhələdə Azərbaycan mediası üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlib. Bu, Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirilib. Media qurumları hazırda mədəniyyətin təbliğində mühüm rol oynayır”.

Xəbərdə eləcə də, “A.Kərimli çıxışının sonunda media təmsilçilərini Milli Mətbuat Günü Münasibətilə bir daha təbrik edib, cansağlığı, ailə səadəti və yaradıcılıq uğurları arzulayıb. Daha sonra tədbir viktorina şəklində davam edib. Media nümayəndələri və tədbir iştirakçıları komanda olaraq, eləcə də fərdi şəkildə sualları cavablandırıblar. Qaliblərə hədiyyələr təqdim olunub” deyə qeyd edilir.

Sonda Beynəlxalq Muğam Mərkəzi nəzdində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova) ifasında konsert proqramı təqdim edilib.

Mission News Theme by Compete Themes.