Press "Enter" to skip to content

Sumqayıt Dövlət Dram Teatrında “Ölməz” tamaşasına ictimai baxış

Sumqayıt Dövlət Dram Teatrında "Ölməz" tamaşasına ictimai baxış

BAYRAQDAR MEDİA – Sumqayıt Dövlət Dram Teatrında 1-ci Qarabağ müharibəsinin əfsanəvi iştirakçısı, Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Ölməz” adlı səhnə əsərinin ictimai baxışı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tamaşa “Heç kim unudulmur, heç nə yaddan çıxmır” adlı yeni teatr layihəsi çərçivəsində hazırlanıb. Əsərin müəllifi Elşən Sərxanoğludur. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru isə Ümid Abbaszadədir. Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edir. İctimai baxışda ictimaiyyət nümayəndələri, mədəniyyət və media təmsilçiləri iştirak ediblər”.

Ardınca xəbərdə, “tamaşa dərin emosional təsiri, vətənpərvərlik ruhu və real hadisələrə söykənən dramatik gedişi ilə auditoriya tərəfindən böyük maraqla qarşılanıb. Məlumat üçün bildirək ki, səhnə əsərində N.Qasımovun igidliyindən bəhs edilir. Altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi alban kilsəsində mühasirəyə düşən qəhrəman, sonadək ermənilərə müqavimət göstərir və yalnız Xocalıda girov götürülmüş 22 dinc sakinin həyatını xilas etmək üçün təslim olmağa razılaşır. O, hətta təslim olarkən belə Azərbaycan bayrağını düşmənə vermir. N.Qasımov əsirlikdə işgəncə ilə qətlə yetirilib. Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə o, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb”.

Qeyd edək ki, səhnə əsərinin rəsmi premyerası 2025-ci ilin sentyabr ayında planlaşdırılır.

Mission News Theme by Compete Themes.