Press "Enter" to skip to content

Dünyadakı mövqeyimizi yalnız birgə səylərlə möhkəmləndirə bilərik

Nazım Çavuşoğlu və Nadir Azəri

Nazım Çavuşoğlu: Bayraqlarımızın daim ucalarda dalğalanması, heç vaxt enməməsi üçün ölkələrimiz arasında yalnız siyasi deyil, iqtisadi, təhsil və digər sahələrdə də əməkdaşlıq zəruridir

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Kuzey Kıbrıs Türk Cümhiryyətinin (KKTC) milli təhsil naziri Nazım Çavuşoğlu Azərbaycanda səfərdədir. Səfər çərçivəsində nazirlə görüşüb, BAYRAQDAR MEDİA üçün özəl müsahibə aldıq. Beləliklə, müsahibəni təqdim edirik.

Tək millət üç dövlətin davamlı inkişafı üçün gənclərin bir araya gəlməsi olduqca vacibdir

KKTC-nin milli təhsil naziri Nazım Çavuşoğlu (ortada), KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer (sağda) və Nadir Azəri
KKTC-nin milli təhsil naziri Nazım Çavuşoğlu (ortada), KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer (sağda) və Nadir Azəri

-Cənab nazir, Azərbaycana xoş gəlmisiniz və xahiş edirəm bu səfərim məqsədi barədə məlumat verəsiniz?

-Öncəliklə bu diqqətinizə görə sizə təşəkkür edir, Azərbaycan xalqına sevgi və məhəbbətimizi çatdırırıq. Bu, mənim Bakıya ikinci səfərimdir. Birinci səfərimiz təhsil nazirlərinin toplantısında iştirak etmək və Qarabağ zəfərinin qeyd etmək üçün reallaşmışdı. Ümumiyyətlə mən bir həqiqəti qəbul edirəm ki, Türkiyədə Qurtuluş Savaşından sonra türk dünyasının iki böyük zəfəri olub. Bunlardan biri Kıbrıs Barış Hərəkatı, digəri isə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdir. Bu qürurla Azərbaycanı, Bakını ziyarət etməkdəyik və hesab edirik ki, bu zəfərin artıq iqtisadi, o cümlədən digər baxımdan da taclandırılması lazımdır.

Təhsil müşavirinin təyinatı gündəmdədir

-Bir qədər də konkretləşdirsək nələr edilməlidir?

-Biz də cənab prezidentlər İlham Əliyevlə Rəcəb Tayyip Erdoğanın müəyyən etdiyi yolda “tək millət 3 dövlət” prinsipi ilə addımlayırıq. Eyni zamanda hesab edirik ki, bunun daha da gücləndiriləməsi üçün yeni addımlar atmalyıq. Heç şübhəsiz əsas addımlardan biri də təhsil sahəsində atılmalıdır. Biz hesab edirik ki, tək millət üç dövlətin davamlı inkişafı üçün gənclərimizin bir araya gəlməsi olduqca vacibdir. Məhz bu düşüncədən irəli gələrək Azərbaycan gəncləri ilə Kuzey Kıbrıs gənclərinin daha yaxından bir-birini tanıması üçün addımlar atmalyıq. Bu baxımdan azərbaycanlı gənclərin 23 univeristetin fəaliyyət göstərdiyi Kuzey Kıbrısda ali təhsil almasının vacib olduğunu düşünürəm. Çünki KKTC-də təhsil almaq gənclərə bir çox sahələrdə müəyyən imkanlar bəxş edir. Əvvəla, ingilis dilində təhsil almaqla onların dil imkanlarını genişləndirir. İkincisi, KKTC müxtəlif universitetlərin fəaliyyət göstərdiyi bir ölkədir. Üçüncüsü isə gənclər burada təhsil almaqla yanaşı çoxmədəniyyətli bir mühitlə də tanış olurlar. Çünki KKTC-də yüzdən artıq ölkədən gənclər təhsil alır. Həmçinin qırxdan artıq ölkədən də müəllimlər universitetlərdə çalışırlar. Bu imkanları azərbaycanlı gənclərlə paylaşmaq məqsədi ilə Azərbaycanın elm və təhsil naziri ilə İstanbuldakı görüşümüzdə ümumi bir fikir birliyinə nail olmuşduq. Həmin fikrinin reallığa çevrilməsi üçün növbəti dəfə Bakıya səfər etdik. Mənimlə birlikdə Doğu Akdeniz Universitetinin rektoru Prof. Dr. Hasan Kılıç və Lefke Avropa Universitetoru rektoru Prof. Dr. Mehmet Ali Yükselen Azərbaycana səfər edib. Burada Azərbaycan Elm və Təhsil Nazirliyi ilə əldə etdiyimiz razılıq əsasında dövlətin müəyyən etdiyi bəlli qisim gənclər KKTC-də təqaüdlə təhsil alacaq.

Əməkdaşlıq bizim üçün təkcə fürsət deyil, həm də strateji zərurətdir

 

Şəkildə soldan sağa: Doğu Akdeniz Universitetinin rektoru Prof. Dr. Hasan Kılıç, Nadir Azəri, KKTC-nin milli təhsil naziri Nazım Çavuşoğlu, KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer və Lefke Avropa Universitetinin rektoru Prof. Dr. Mehmet Ali Yükselen
Şəkildə soldan sağa: Doğu Akdeniz Universitetinin rektoru Prof. Dr. Hasan Kılıç, Nadir Azəri, KKTC-nin milli təhsil naziri Nazım Çavuşoğlu, KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer və Lefke Avropa Universitetinin rektoru Prof. Dr. Mehmet Ali Yükselen

-Dediniz ki, rektorlar da nümayəndə heyətinə daxildir. Yəqin ki, bu, eyni zamanda onların Azərbaycan universitetlərinin rəhbərləri ilə görüşəcəkləri deməkdir. Bu görüşlərdən hansı nəticələr gözlənilir?

-Bəli, rektorların buradakı iştirakı təkcə tədbirə qatılmaqla bitmir. Onlar Azərbaycan universitetlərinin rəhbərləri ilə görüşlər keçirəcək, bu da mühüm əməkdaşlıqların təməlini qoyacaq. Hədəfimiz – Azərbaycan ilə KKTC arasında tələbə və müəllim mübadiləsi proqramlarını həyata keçirməkdir. Yəni təkcə tələbələrlə bağlı deyil, eyni zamanda pedaqoji heyətin, yəni müəllimlərin də qarşılıqlı şəkildə təcrübə mübadiləsinin həyata keçirilməsi planlaşdırılır. Bu görüşlər bu baxımdan çox əhəmiyyətlidir.

-Siz bu yaxınlarda “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin layihəsi əsasında KKTC-də prezident sarayinda keçirilən “Bizim ailəmiz türk dünyasıdır” adlı konfransda çixiş etdiniz. Həmin çıxışınızda “dünyadakı yerimizi birlikdə çalışaraq əldə etməliyik” dediniz. Bu fikrinizi bir qədər açıqlaya bilərsinizmi?

-Mən inanıram ki, biz dünyadakı mövqeyimizi yalnız birgə səylərlə möhkəmləndirə bilərik. Bayraqlarımızın daim ucalarda dalğalanması və heç vaxt enməməsi üçün ölkələrimiz arasında yalnız siyasi deyil, iqtisadi, təhsil və digər sahələrdə də əməkdaşlıq zəruridir. Bu məqsədlə gücümüzü və enerjimizi birləşdirməliyik. Əməkdaşlıq bizim üçün təkcə fürsət deyil, həm də strateji zərurətdir.

Türk dünyasında ailə institutunun qorunması və gücləndirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır

-Konfrans zamanı siz ailə məsələsinə də toxundunuz. Ailə dəyərlərinin qorunması istiqamətində türk dünyasında hansı addımlar atılmalıdır?

-Ailə hər bir cəmiyyətin təməlidir. Cəmiyyətin möhkəmliyi ailənin gücündən başlayır. Türk dünyasında ailə institutunun qorunması və gücləndirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Ənənəvi dəyərlərimizin, ailə bağlarımızın pozulmaması üçün həm təhsil sistemində, həm də ictimai sahədə ciddi addımlar atmalıyıq. Bu, təkcə sosial məsələ deyil, həm də milli gələcəyin təminatıdır.

-Sonda nə demək istərdiniz?

-Gələcək birlikdədir. Biz əgər bir ulduz olaraq göydə parlayırıqsa, bu ancaq birlikdə mümkün olacaq. Bir-birimizə daha sıx bağlandıqca heç kim geridə qalmayacaq. Əksinə, hamımız birlikdə daha yüksək zirvələrə yüksələcəyik. Bu, bizim ümumi taleyimizdir.

Kuzey Kıbrısla bağlı sevindirici xəbər

Mission News Theme by Compete Themes.