BAYRAQDAR MEDİA – “Çıraq” Humanitar və İnkişaf İctimai Birliyi “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış hərbi sursatların təsirinin azaldılması” layihəsinin icrasını davam edir.
2025-ci il iyulun 22-23-də layihə çərçivəsində Ağdamın Kəngərli və Sarıcalı kəndlərində mina və partlamamış hərbi sursatların törədə biləcəyi təhlükələr barədə yerli əhali üçün maarifləndirici tədbirlər keçirilib.
İctimai Birliyin sədri Nadir Cəfərovun sözlərinə görə, layihənin məqsədi əhalini mina və partlamamış hərbi sursatların doğura biləcəyi təhlükələr barədə maarifləndirməkdir.
Tədbirlər zamanı mütəxəssislər tərəfindən kənd sakinlərinə mövzu ilə bağlı ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bundan əlavə, əhaliyə İctimai Birlik tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılıb.
Layihə çərçivəsində növbəti təlimlər Suqovuşan və Şıxarx qəsəbələrində keçiriləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.





